...

Ramil Usubov: Daxili İşlər Nazirliyində yeni yaradılmış Miqrasiya Xidməti ölkəyə gələn əcnəbilərə nəzarəti həyata keçirəcək

Siyasət Materials 16 May 2006 13:30 (UTC +04:00)
Ramil Usubov: Daxili İşlər Nazirliyində yeni yaradılmış Miqrasiya Xidməti ölkəyə gələn əcnəbilərə nəzarəti həyata keçirəcək

Daxili İşlər Nazirliyi tərkibində yeni yaradılmış Miqrasiya Xidməti ölkəyə gələn əcnəbilərin üzərində nəzarəti həyata keçirəcək. Trend in xəbərinə görə, bu barədə mayın 16-da Bakıda istifadəyə verilmiş Miqrasiya Xidməti binasının açılışında iştirak edən Azərbaycanın daxili işlər naziri Ramil Usubov məlumat verib.

Nazir bildirib ki, Miqrasiya Xidməti prezidentin 2005-ci ilin iyul ayında miqrantlara yardımla bağlı imzaladığı müvafiq fərman əsasında yaradılıb. Belə ki, təqribən 8 ay ərzində DİN həmin fərmandan irəli gələn tədbirləri icra edərək Miqrasiya Xidmətinin istifadəyə verilməsini təmin edib.

"Azərbaycan müstəqillik qazanandan sonra əcnəbilərin ölkəmizə gəlişi də artıb. Bu səbəbdən də belə bir xidmətin yaradılmasına zərurət yaranıb. Məsələn, təkcə ötən il Azərbaycana müxtəlif qismdə 1 milyon 260 min xarici vətəndaş daxil olub. Əcnəbilərin ölkəmizə hansı məqsədlə gəlməsi, hansı müddətə burada qalması və s. məsələləri araşdırmaq və nəzarətdə saxlamaq ölkəmizin təhlükəsizliyinə də zəmanət verir" - deyə R.Usubov söyləyib.

Sonra nazir Xidmətin əsas vəzifələri barədə məlumat verib. O, bildirib ki, Xidmət qanunsuz miqrasiyanın profilaktikasını, miqrasiya sahəsində nəzarət funksiyalarını, immiqrasiya haqqında vəsatətə baxılmasını həyata keçirəcək. R.Usubov: "Bu Xidmət əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycana miqrasiyası haqqında müraciətlərə baxacaq. Onların Azərbaycanda yaşaması və müvəqqəti qalma qaydalarına riayət etməsinə nəzarəti həyata keçirəcək".

Xidmət Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Sərhəd Xidməti ilə sıx əməkdaşlıq edəcək.

Daha sonra yeni istifadəyə verilmiş Miqrasi Xidmətinin iki binası ilə tanışlıq olub. Qeyd edək ki, hər iki bina Avropa standartlarına yuğun şəkildə inşa edilib. Binalarda qanunsuz ölkəyə gəlmiş və hüquq mühafizə orqanları tərəfindən saxlanılmış miqrantların müvəqqəti yaşaması üçün nəzərdə tutulan 40 çarpayılıq yataq otaqları, tibb otaqları, brifinq zalı, komputer otağı, o cümlədən hər cür şəraiti olan digər otaqlar da var.

Xəbər lenti

Xəbər lenti