...

Bakıda "Nəqliyyat, tranzit və loqistika" sərgisi açılıb

Siyasət Materials 17 May 2006 13:05 (UTC +04:00)
Bakıda "Nəqliyyat, tranzit və loqistika" sərgisi açılıb

Mayın 17-də Bakıda Heydər Əliyev adına idman-konsert kompleksində "Nəqliyyat, tranzit və loqistika" 5-ci beynəlxalq sərgisi öz işinə başlayıb. Trend in xəbər verdiyi kimi, sərginin açılışında Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Azərbaycan Ticarət-Sənaye Palatasının sədri Süleyman Tatlıyev və başqaları iştirak edib.

Z.Məmmədov çıxışında bildirib ki, hazırda Azərbaycanda tranzit daşımalara böyük diqqət ayrılır. Onun sözlərinə görə, daşımanın bu növü az həcmdə maya dəyərinə malik olsa da, böyük gəlir verir.

Z.Məmmədov onu da bildirib ki, ötən il Azərbaycan ərazisindən tranzit daşımalarının həcmi 43 mln. ton, bu ilin I rübündə - 14 mln. ton təşkil edib.

Nazir qeyd edib ki, indiyədək Azərbaycanın nəqliyyat sektoruna 700 mln. dollardan çox sərmayə yatırılıb. Gələcəkdə daha 1,5 mlrd. dollar cəlb etmək planlaşdırılır.

Sərginin təşkilatçısı Iteca Caspian şirkətinin məlumatına görə, tədbirdə dünyanın 6 ölkəsindən 41 şirkət iştirak edir. İştirakçıların 45%-ni yerli şirkətlər təşkil edir. Ötən illə müqayisədə ekspozisiyasının sahəsi 40% artıb. Sərgidə kommersiya şirkətləri ilə yanaşı dövlət qurumları (Nəqliyyat Nazirliyi, Azərbaycan Dövlət Dəmir Yol İdarəsi və Xəzər Dəniz Gəmiçiliyi, Rusiya Dəmir Yol İdarəsi, Rusiya gəmiçilik registri) təmsil olunacaq.

Sərgidə avtomobil, hava, su, dəmiryol nəqliyyatı, avadanlıqlar və texniki təchizat, intermodal daşımalar, loqistika, neft məhsullarının nəqli və digər bölmələr təqdim olunacaq.

"Transkaspian 2006" sərgisi Azərbaycan Nəqliyyat Nazirliyi, TRACECA-nın daimi katibliyi, Azərbaycan Ticarət-Sənaye Palatası, İnvestisiyaların təşviqi və məsləhət Fondunun dəstəyi ilə keçirilir.

Xəbər lenti

Xəbər lenti