...

Azərbaycan iqtisadiyyat, energetika, nəqliyyat və gömrük nazirlərinin iclasında yüksək səviyyədə təmsil olunacaq

Siyasət Materials 19 May 2006 13:24 (UTC +04:00)

Azərbaycan mayın 22-də Kiyevdə keçiriləcək GUAM ölkələrinin iqtisadiyyat, energetika, nəqliyyat və gömrük nazirlərinin iclasında yüksək səviyyədə təmsil olunacaq. Bu barədə Trend ə Azərbaycanın təşkilatdakı daimi nümayəndəsi, Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Səbuhi Temirov məlumat verib.

Onun sözlərinə görə, sənaye və energetika naziri Natiq Əliyev, nəqliyyat naziri Ziya Məmmədov və Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev iclasda iştiraklarını təsdiqləyib. İqtisadi İnkişaf Nazirliyi isə nazir müavini səviyyəsində təmsil oluna bilər. Onun sözlərinə görə, bütün nazirlərin iştirakı ilə bir ümumi iclasın keçirilməsi planlaşdırılır. İclas zamanı 2002-ci ildə iştirakçı ölkələr arasında imzalanmış azad ticarət haqqında sazişin fəallaşdırılması ilə bağlı məsələlər müzakirə olunacaq.

Nazirlər bu sənədin yerinə yetirilmə vəziyyətini və fəallaşdırılması yollarını müzakirə edəcək.

Xatırladaq ki, iclas təşkilatın iştirakçı dövlət başçılarının mayın 23-də keçiriləcək sammiti ərəfəsində təşkil olunacaq. Bununla eyni zamanda Kiyevdə GUAM milli əlaqələndiriciləri və xarici işlər nazirləri Şurasının iclası da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti