...

İsa Qəmbər: "Müsavat Partiyasının qurultayına müxalifət partiyaları rəhbərlərinin dəvət olunması nəzərdə tutulmayıb"

Siyasət Materials 19 May 2006 15:53 (UTC +04:00)

Müsavat Partiyasının mayın 29-da keçiriləcək qurultayına müxalifət partiyalarının rəhbərləri, partiyanın keçmiş müttəfiqləri dəvət olunmayacaq. Bu barədə Trend ə Müsavat Partiyasının başqanı İsa Qəmbər açıqlama verib.

O, bildirib ki, qurultaya hazırlıq üzrə Təşkilat Komitəsində başqa partiyaların dəvət edilməsi barədə qərar qəbul olunmayıb: "Biz birgünlük işçi qurultay keçirmək fikrindəyik. Qurultaya başqa partiyaların dəvət edilməsi məsələsi müzakirə olunmadığı üçün qonaqların iştirakı nəzərdə tutulmayıb. Adətən ikigünlük, üçgünlük qurultaylarda kifayət qədər vaxt olduğu üçün xeyli qonaqlar çağırılır. Amma bizim qurultay yalnız bir gün olacaq. Əgər qonaqlar iştirak etsələr, onların da çıxışlarına vaxt ayrılsa, onda biz işimizi başa çatdıra bilmərik".

Qurultayda partiya başqanlığına alternativ namizədlərin olub-olmayacağına gəldikdə, İsa Qəmbər bildirib ki, hələlik belə iddia ilə çıxış edənlər yoxdur. Onun sözlərinə görə, hər kəsin namizədliyini irəli sürmək hüququ var. İsa Qəmbər həmçinin qurultayda partiyanın Nizamnaməsinə və strukturunda bəzi dəyişikliklərin ediləcəyini də deyib: "Partiya Məclisi sədrinin təsis olunması barədə təkliflər var. Mən də o fikirdəyəm ki, Müsavat Partiyası Məclisinin sədri vəzifəsi təsis olunmalıdır. Mən də tərəfdarıyam ki, qadınlara partiyanın kollegial seçkili orqanlarında ümumi sayın dörddə biri qədər kvota ayrılmalıdır. Həmçinin hesab edirəm ki, partiyada üzvlük institutu ilə yanaşı təəssübkeşlik institutu da yaradılmalıdır. Nizamnaməyə bu kimi dəyişikliklər olunmasını təklif edirik. Düşünürəm ki, qurultay bu təklifləri qəbul edə bilər".

Xəbər lenti

Xəbər lenti