...

ABŞ Azərbaycanda təkrar parlament seçkiləri üzrə beynəlxalq müşahidəçilərin monitorinqinin nəticələrilə razılaşır

Siyasət Materials 20 May 2006 12:29 (UTC +04:00)

ABŞ beynəlxalq müşahidəçilərin mayın 13-də Azərbaycanda keçirilən təkrar parlament seçkiləri üzrə monitorinqinin nəticələrilə razılaşır. Trend in ABŞ Dövlət Departamentinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın ATƏT-dəki xüsusi nümayəndəsi Culiya Finli məlumat verib.

"Biz Azərbaycan hökumətini ATƏT-in Demokratik Tsisatlar və İnsan Haqları üzrə Bürosu ilə işləməyi davam etdirməyə və ölkədəki seçki prosesinin beynəlxalq standartlara tam uyğun gəlməsi üçün bu strukturun tövsiyələrini yerinə yetirməyə çağırırıq",-deyə amerikalı diplomat qeyd edib. O xatırladıb ki, ATƏT 2005-ci ildə 6 noyabr parlament seçkilərində də monitorinq keçirib və həmin seçkiləri irəliyə doğru addım hesab edərək əvvəlkilərə nisbətən "daha təkmilləşdirilmiş" adlandırıb. Buna baxmayaraq, onlar hələ də beynəlxalq standartlara tam cavab vermir".

"ABŞ Azərbaycan hökumətini seki hüququnun pozulması ilə bağlı ittihamları dərhal araşdırmağa çağırır", -deyə C. Finli bəyan edib.

Bununla yanaşı, səfir bildirib ki, "ABŞ Azərbaycanda seçki prosesinin təkmilləşdirilməsi istiqamətində səylər də daxil olmaqla demokratik institutların və vətəndaş cəmiyyətinin möhkəmlənməsini dəstəkləyir".

Səfir Culiya Finli bildirib ki, ABŞ Bakının 2005-ci il 6 noyabr seçkilərinin gedişində aşkara çıxan çatışmazlıqları aradan qaldırmaq səylərini dəstəkləmək məqsədilə "bütün seçki kampanyiası ərzində Bakıya mühüm yardım" göstərib.

"Biz ayrı-ayrı partiya və namizədləri deyil, demokratik prosesi dəstəkləyirik",-deyə o bildirib və "Vaşinqtonun səyləri təkcə yerli müşahidəçilər və treninqlərin keçirilməsinə deyil, eləcə də exit-pollın təşkili və xüsusi mürəkkəbin verilməsi ilə bağlı yardıma yönəlib.

"Biz ABŞ səfirliyinin əməkdaşlarını beynəlxalq müşahidə missiyasının tərkibinə daxil etmişik. Vaşinqton beynəlxalq müşahidəçilərin nəticələri ilə razılaşır", -deyə C. Finli qeyd edib.

ATƏT-in amerikalı nümayəndəsi xüsusi mürəkkəbin tətbiqini, eləcə də səsvermənin nəticələrinin Azərbaycanın MSK-nin veb-saytında dərhal yerləşdirilməsini alqışlayıb. O, həmçinin, çoxlu sayda yerli müşahidəçilərin olmasından məmnun qaldığını bildirib.Onun sözlərinə görə, yerli müşahidəçilərin belə çoxluq təşkil etməsi demokratik proseslərin ayrılmaz hissəsidir. C. Finli həmçinin, exit-poll -un nəticələrinin səsvermənin rəsmi nəticələri ilə üst-üstə düşdüyünü də bildirib. "Biz bu məsələdə ATƏT-in DTİHB-nun hərtərəfli yardımını davam etdiririk", -deyə səfir bildirib.

"Birləşmiş Ştatlar hökumətin və Azərbaycan xalqının demokratiya quruculuğu ilə bağlı səylərini dəstəkləməkdə davam edir", -deyə sonda ATƏT-in ABŞ-dan olan nümayəndəsi qeyd edib.

Xəbər lenti

Xəbər lenti