...

Mayın 23-ü Güney Azərbaycanda matəm günü elan olunub

Siyasət Materials 23 May 2006 13:14 (UTC +04:00)

"İran" qəzetinin Azərbaycan türklərinə qarşı təhqiredici yazı və karikaturalarına etiraz olaraq mayın 22-də yerli vaxtla saat 15.50- dən Təbrizin mərkəzi küçələrində kütləvi aksiyalar keçirilib. Trend in məlumatına görə, aksiyada Güney azərbaycanlılarının milli dəyərlərinin təhqir olunmasına etirazını bildirən 400 minə yaxın azərbaycanlı iştirak edib.

Aksiyada "Faşizmi təbliğ edən qəzetlər bağlanmalı", "Özünü satmış valiyə istefa", "Ya azadlıq, ya ölüm", "Babək, ruhun şad olsun", "Yaşasın Azərbaycan, rədd olsun Ermənistan", "Ya Qarabag, ya ölüm" və başqa bu kimi şüarlar səsləndirilib. Aksiyanın dağıdılması zamanı dəyənəklərdən, gözyaşardıcı qazdan istifadə olunub.

Rəsmi məlumatlara görə, bir neçə gündür davam edən etiraz aksiyaları zamanı bir nəfər həlak olub, onlarla yaralı var. Lakin Azərbaycan Strateji Araşdırmalar Mərkəzindən Trend ə verilən məlumata görə, yerdən və havadan vertolyotlarla mitinq iştirakçılarına acılan atəş nəticəsində 10 nəfər həlak olub, 250 nəfərdən çox insan müxtəlif dərəcəli bədən xəsarəti alıb, yüzlərlə mitinqçi həbs olunub. Güney Azərbaycanda yaşayan azərbaycanlıların öz milli və insani haqlarının bərpası uğrunda apardığı sivil mübarizə və etirazlarına qarşı tətbiq olunan zorakılıq aksiyanı qarşıdurmaya yönəldib.

Qeyd edək ki, aksiyada şəhid olmuş insanların xatirəsinə bu gün mayın - 23-də Güney Azərbaycanda matəm günü elan olunub. Aksiyaya dəstək olaraq Güney Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Zəncan, Ərdəbil, Urmiyada da azərbaycanlıların analoji aksiyaları keçirilib.

Baş verən hadisələrlə bağlı Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin bəyanatında bildirilib ki, bu aksiyalar sırf milli müstəvidə aparılan mübarizədir və İran daxilindəki və xaricdəki kənar qüvvələrin bu mübarizəni mənimsəmək cəhdləri yolverilməzdir.

Xəbər lenti

Xəbər lenti