...

İlham Əliyev: Azərbaycan özünün enerji siyasətini yenidən nəzərdən keçirir

Siyasət Materials 23 May 2006 15:39 (UTC +04:00)
İlham Əliyev: Azərbaycan özünün enerji siyasətini yenidən nəzərdən keçirir

Azərbaycan prezidenti İlham Əliyev hesab edir ki, enerji amili GUAM ölkələri arasındakı əlaqələrdə hakim mövqe tutacaq. Trend in İTAR-TASS-a istinadən xəbər verdiyi kimi, bu barədə o, bu gün GUAM-ın Kiyev sammitində bəyan edib.

Dövlət başçısının sözlərinə görə, GUAM ölkələri müstəqilliklərinin möhkəmləndirilməsinin yeni mərhələsindədir və daha sıx regional əməkdaşlığa keçir. "Bu kontekstdə tam əmin olmaq lazımdır ki, enerji amili qərarların da qəbulunda hər hansı dərəcədə hakim mövqe tutacaq və bu prosesə müəyyən dərəcədə təsir göstərəcək".

İlham Əliyev vurğulayıb ki, Azərbaycan özünün enerji siyasətini yenidən nəzərdən keçirir. "Bu siyasət regional kontekstdən qlobal siyasət kontekstinə keçir və bu istiqamətdə biz GUAM ölkələri ilə fəal əməkdaşlıq edirik ", - deyə prezident qeyd edib.

Onun sözlərinə görə, iqtisadi layihələr ölkələrin mövqeyinin möhkəmlənməsinə və AB-yə inteqrasiya prosesini sürətləndirməyə kömək edəcək. O vurğulayıb ki, GUAM ölkələrinin iqtisadiyyatının inkişafı üçün nəqliyyat problemlərinin həlli böyük əhəmiyyət kəsb edəcək. İ.Əliyev separatizm və terrorçuluqla mübarizənin vacibliyini də qeyd edib. "Terrorçuluqla təklikdə mübarizə aparmaq qeyri-mümkündür", - deyə o əlavə edib.

Dövlət başçısı bildirib ki, GUAM-a üzv olan 4 ölkədən 3-də ərazi bütövlüyü pozulub, bunu edən tərəflər isə nə beynəlxalq, nə də ictimai mühakiməyə məruz qalmır. Bu ölkələrə qarşı hər hansı sanksiyalar tətbiq olunmur. Separatizmlə mübarizədə "vahid yanaşma" lazımdır. Əgər belə yanaşma olmazsa, bu, ağır nəticələrə səbəb ola bilər", - deyə İ.Əliyev qeyd edib.

"Mən əminəm ki, yeni format alan təşkilatımız beynəlxalq arenada özünü yaxşı tanıdacaq və regionda təsirli təşkilat olacaq ", - deyə İlham Əliyev bəyan edib.

Xəbər lenti

Xəbər lenti