...

Millət vəkilləri Milli Məclisdən İranda baş verən qarşıdurma ilə bağlı bu ölkənin səfirliyi qarşısında məsələ qaldırılmasını tələb ediblər

Siyasət Materials 23 May 2006 15:48 (UTC +04:00)

Milli Məclis İranda baş verən məlum qarşıdurma ilə bağlı öz mövqeyini bildirməlidir. Trend xəbər verir ki, bu barədə Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Milli Məclisin mayın 23-də keçirilən növbəti iclasında bildirib.

İranda yaşayan soydaşlarımızla bağlı ciddi problemlərin olduğunu deyən millət vəkili qeyd edib ki, mayın 22-də Tehran və Təbrizdə yaranan qarşıdurma nəticəsində 250-dən çox soydaşımız həbs edilib: "Bir neçə insan həlak olub. Biz heç bir dövlətin daxili işinə qarışmasaq da, xaricdə yaşayan azərbaycanlıların hüquqlarını müdafiə etməyə borcluyuq". Millət vəkili qeyd edib ki, Milli Məclis İranda baş verən qarşıdurma ilə bağlı İranın Azərbaycandakı səfirliyi qarşısında məsələ qaldırsın.

Qeyd edək ki, İranda nəşr olunan "İran" qəzetində azərbaycanlılar təhqir olunduqdan sonra bu ölkədə yaşayan soydaşlarımız ölkənin müxtəlif şəhərlərində etiraz aksiyası keçiriblər. Nəticədə bir neçə soydaşımız həlak olub, yüzlərlə vətəndaş isə həbs edilib.

Onu da bildirək ki, İ.Ağazadənin bu təklifi digər millət vəkilləri Fazil Qəzənfəroğlu, Qüdrət Həsənquliyev, Nəsib Nəsibli tərəfindən dəstəklənib. Onlar da İranda baş verən hadisələrə Azərbaycanın rəsmi mövqe bildirməsi təklifi ilə çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti