...

Səyavuş Novruzov: "28 Mayın - Azərbaycanın müstəqillik günü münasibətilə Milli Məclis tərəfindən prezidentə əfv fərmanı ilə bağlı müraciət zəruridir"

Siyasət Materials 23 May 2006 16:57 (UTC +04:00)

Mayın 28-i - Azərbaycanın müstəqillik günü münasibətilə Milli Məclis tərəfindən prezidentə əfv fərmanının imzalaması ilə bağlı müraciət olunması zəruridir. Trend xəbər verir ki, bu barədə hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Səyavuş Novruzov Milli Məclisin mayın 23-də keçirilən növbəti toplantısında bildirib.

S.Novruzov onu da bildirib ki, əfv fərmanı yalnız ehtiyatsızlıq üzündən xəta törədib həbs edilən insanlara şamil olunmalıdır: "Bəzi QHT-lərin Avropa şurasına göndərdiyi siyahılarda adları siyasi məhbus kimi göstərilən və yaxud da bəzi mətbuat orqanlarında "Azadlıq" şüarı altında şəkilləri dərc olunan insanlara əfv düşməməlidir".

Millət vəkili onu da qeyd edib ki, insan hüquqlarının qorunması ilə bağlı bəzi məsələlərə 1992-ci il səviyyəsində baxılmamalıdır: "Çinə bayraq sancacağıq, Hindistanı tutacağıq, Orta Asiyada demokratiya yaradacağıq və s. Həmin dövrdə atılan addımların zərbəsi Azərbaycana dəydi. Həmin dövlətlərin Ermənistana dəstək durmasına, onu silahlandırmasına şərait yaratdı. Hesab edirəm ki, bu məsələləri gündəmə gətirməzdən öncə fikirləşmək lazımdır".

S.Novruzov onu da qeyd edib ki, Cənubda baş verən hadisələrdə hansı dövlətin rolu olduğu aydındır: "Ola bilsin ki, insan hüquqlarının qorunması ilə bağlı problemlər var. Ancaq digər məqamların da olduğunu nəzərə almalıyıq". Millət vəkili onu da vurğulayıb ki, Azərbaycan 16 ildir ki, müharibə şəraitində yaşayır: "Ermənistanı əhatə edən dövlətlər arasında yalnız İran ona ciddi şəkildə yardım göstərir. Mən hesab edirəm ki, bizim cənublu qardaşlarımız bu yardımın qarşısını almaqla bağlı mübarizə aparmalıdır".

Xəbər lenti

Xəbər lenti