...

Azərbaycan Demokrat Firqəsinin rəhbəri Əmrəli Lahrudi ilə görüş keçirilib

Siyasət Materials 24 May 2006 17:37 (UTC +04:00)

Mayın 24-də Azərbaycan Yolu Siyasi Hərəkatının qərargahında Azərbaycan Demokrat Firqəsinin rəhbəri Əmrəli Lahrudi ilə görüş keçirilib. Trend xəbər verir ki, görüşdə Güney Azərbaycanda soydaşlarımızın hüquqlarının tapdanması məsələsi müzakirə olunub.

Onu da qeyd edək ki, Ə.Lahrudi İranda Seyid Cəfər Pişəvəri dövründə milli hərəkatın liderlərindən olub.

Ə.Lahrudi son günlər Güney Azərbaycanda baş verən hadisələrə toxunub. Bildirib ki, 1941-46-cı illərdə baş verən hərəkatda milli məsələ indiki kimi qabarıq deyildi: "Milli məsələ Azərbaycanda müstəqil dövlət qurulandan sonra daha geniş vüsət alıb. Elə o vaxtdan da müxtəlif siyasi cərəyanlar yaranmağa başlayıb. Onlardan bir qismi hesab edirdi ki, 50 milyonluq azərbaycanlıların müstəqil dövləti olmalıdır. Digər bir cərəyanın təmsilçiləri isə hesab edirdi ki, azərbaycanlılar İranın tərkibində yüksək statuslu muxtariyyət almalıdır".

Ə.Lahrudinin dediklərinə görə ikinci cərəyanı qəbul edənlərin sayı daha çoxdur və indi fəallaşan kütlələrin də tələbləri məhz İran dövlətindən mədəni muxtariyyət almaqdır. Ə.Lahrudi həmçinin qeyd edib ki, İranda yaşayan azərbaycanlıların ən üstün cəhətləri tayfa mentalitetindən çıxmalarıdır: "Onlar çox mədəni formada İran Konstitusiyasının 15-19-cu maddələrinin həyata keçirilməsini istəyirlər. Dil və muxtariyyət. İndi hər iki məsələnin həyata keçməsi üçün zəmin yaranıb".

Xəbər lenti

Xəbər lenti