...

Demokratik İslahatlar Partiyası İranda baş verən proseslərlə bağlı bəyanat qəbul edib

Siyasət Materials 24 May 2006 17:46 (UTC +04:00)

Mayın 24-də Demokratik İslahatlar Partiyasının (DİP) Siyasi Şurasının növbəti iclası keçirilib. Bu barədə Trend ə DİP-dən məlumat verilib. İclasda ölkədəki ictimai-siyasi vəziyyət, partiyanın rayon şöbələrinin və regional burolarının yaradılması, partiyaya yeni üzvlərin qəbulu ilə bağlı məsələlər müzakirə olunub.

"Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM"ın yaradılması və İranda baş verən son olaylar ətrafında fikir mübadiləsi aparılıb. Siyasi Şura üzvləri "Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM"ın yaradılmasını müsbət hadisə kimi qiymətləndiriblər. Qeyd olunub ki, sözügedən yeni təşkilat Azərbaycanın Avroatlantik məkana inteqrasiyası üçün zəruri strukturdur.

Siyasi Şura həmçinin İranda baş verən hadisələri müzakirə edərək müvafiq bəyanat qəbul edib. Bəyanatda deyilir ki, Demokratik İslahatlar Partiyası İranda azərbaycanlıların təhqir olunmasını, milli hüquqlarının kobud şəkildə pozulmasını, dinc aksiyalar keçirən insanlara qarşı zoru pisləyir. Partiya İran hökumətini BMT-nin milli azlıqların hüquqları ilə bağlı müvafiq sənədlərinə riayət etməyə çağırır və ondan azərbaycanlıların milli, mədəni və təhsil hüquqlarının bərpası ilə bağlı təxirəsalınmaz tədbirlər görülməsini tələb edir: "Bundan əlavə partiya beynəlxalq ictimaiyyətin diqqətini İranda baş vermiş hadisələrə cəlb edir və beynəlxalq ictimaiyyəti İrandakı zorakılığın dayandırılması istiqamətində müvafiq addımlar atmağa çağırır".

Xəbər lenti

Xəbər lenti