...

Səudiyyə Ərəbistanı Krallığı şahzadəsinin Azərbaycana səfər proqramı açıqlanıb

Siyasət Materials 25 May 2006 12:43 (UTC +04:00)

Səudiyyə Ərəbistanı Krallığının şahzadəsi Nəvaf bin-Feysəl bin Fəhd bin Əbdüləzizin Azərbaycana səfər proqramı açıqlanıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Raqif Abbasovun Trend ə verdiyi məlumata görə, şahzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya mayın 30-da axşam gələcək.

Gənclər və idman naziri Azad Rəhimovun dəvəti ilə ölkəmizə səfər edəcək şahzadənin mayın 31-də rəsmi görüşləri başlayacaq. O, əvvəlcə nazir Azad Rəhimovla görüşəcək. Həmin gün Nəvaf bin-Feysəl Heydər Əliyev Fonduna baş çəkəcək, Azərbaycan prezidenti İlham Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və ölkənin mədəniyyət və turizm naziri Əbülfəz Qarayevlə görüşəcək. İyunun 1-nə Bakının idman kompleksləri ilə tanışlıq, Bakı Dövlət Universiteti və Milli Olimpiya Komitəsində görüşlər planlaşdırılıb. Elə həmin gün axşam "Hayat Park" otelində hər iki ölkə arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlıq haqqında Memorandumun imzalanması mərasimi keçiriləcək. Sənədi nazir Azad Rəhimov və şahzadə Nəvaf bin-Feysəl imzalayacaq. Memorandumda beynəlxalq tədbirlərdə əməkdaşlığın inkişafı və təcrübə mübadiləsi nəzərdə tutulur.

Şahzadə Nəvaf bin-Feysəl gənclər siyasəti və idman məsələləri üzrə, o cümlədən Ərəb Futbol Federasiyasının vitse-prezidentidir. Səfər zamanı gənclər siyasəti və idman, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığın inkişafı ilə bağlı məsələlərin müzakirəsi planlaşdırılır.

Bu, İlham Əliyevin Səudiyyə Ərəbistanına rəsmi səfəri zamanı həmin sahədə təməli qoyulmuş əməkdaşlıq çərçivəsində ilk böyük tədbirdir", - deyə R.Abbasov bildirib.

Xəbər lenti

Xəbər lenti