...

Valdas Adamkus: Azərbaycnla Litva arasında münasibətlər daha intensiv olmalıdır

Siyasət Materials 25 May 2006 15:20 (UTC +04:00)
Valdas Adamkus: Azərbaycnla Litva arasında münasibətlər daha intensiv olmalıdır

İyunun 8-9-da Bakıya səfəri ərəfəsində Litva prezidenti ilə Trend in eksklüziv müsahibəsi

- Siz Azərbaycanla Litvanın ikitərəfli münasibətlərinin hazırkı səviyyəsini və perspektivlərini necə qiymətləndirirsiniz?

- Mən Azərbaycanla Litva arasında münasibətləri çoxdan bəri ümumi məqsədlərə əsaslanan və dostluq münasibətləri kimi qiymətləndirirəm. Bu məqsədlərdən biri də çəçəklənən və təhlükəsiz Avropada yaşamaq istəyidir.

Bu münasibətlər, xüsusilə iqtisadi sahədə əlaqələr daha intensiv ola bilər və olmalıdır. Bizim biznesmenlərimiz Azərbaycanla ticarət münasibətlərinin inkişafında maraqlı olduqlarını bildirirlər. Mən ümid edirəm ki, Bakıya qarşıdakı səfər daha intensiv əməkdaşlıq üçün təkan verəcək. Biznesmenlərin bir qrupu məni Bakıya səfərim zamanı müşaiyət edəcəklər.

Azərbaycan gələcəkdə də Avropa ilə Cənubi Qafqaz regionu arasında təhlükəsiz və sabit tranzit ölkə olmalıdır.

Mən, həmçinin, mədəni münasibətlərin möhkəmlənməsi, ölkələrimizin xalqları arasında əlaqələrin dirçəlməsi, Azərbaycanla Litva arasında turist axını üçün imkanların mövcud olduğunu görürəm.

AB-nin üzvü kimi Litvanın inteqrasiya məsələlərində təcrübəsi hələ "təzədir" və əgər ölkəniz buna maraq göstərərsə, biz onu bölüşməyə hazırıq.

Biz regional əməkdaşlıqda iştirak etməklə böyük səmərə əldə edirik və regional səviyyədə 3+3 təşəbbüsünün əsasını (3 Baltik və 3 Cənubi Qafqaz ölkəsi arasında əməkdaşlıq) təşkil edən bu təcrübəni bölüşməyi təklif edirik. Bu təşəbbüsün həyata keçirilməsi birgə səylərdən asılıdır.

- Qarşıdakı səfər zamanı hansı əsas məsələlər diqqət mərkəzində olacaq?

- Hesab edirəm ki, mənim səfərimin gündəliyi ümumi maraq doğuran bütün məsələləri əks etdirməlidir. Bu məsələlərə ikitərəfli əməkdaşlıq və müəyyən sahələrdə onun inkişafı imkanları, məsələn AB və NATO-ya inteqrasiya, enerji təhlükəsizliyi, işgüzar əlaqələrin inkişafı daxildir. Müzakirələrin mühüm predmeti regional məsələlər, eləcə də Baltik, Qara dəniz və Xəzər dənizi regionları arasında əməkdaşlıq olmalıdır.

- Litva Azərbaycanın beynəlxalq strukturlara inteqrasiyasında hansı köməyi göstərə bilər?

- Litva Azərbaycanın Avroatlantik alyansa inteqrasiyası səylərini alqışlayır. Biz NATO-ya daxil olma yolunda əldə etdiyimiz təcrübəni bölüşməyə hazırıq.

Litva və Azərbaycan artıq müdafiə sahəsində ənənəvi ikitərəfli əməkdaşlıq təcrübəsinə malikdir. Bizim təhlükəsizlik və müdafiə sahəsində yenidən təşkilatlanma təcrübəmiz, hüquqi bazanın yaradılması və Avroatlantikaya inteqrasiyanın əlaqələndirmə mexanizmlərinin yaradılması NATO-nun Fərdi Əməkdaşlığın Fəaliyyət Planının yerinə yetirildiyi dövrdə sizin ölkəniz üçün xüsusi maraq kəsb edə bilər.

- Sizin 3+3 regional əməkdaşlıq təşəbbüsünüzün reallaşdırılması hansı mərhələdədir?

- Biz öz təcrübəmizdən strateji məqsədlərə çatmaqda regional əməkdaşlığın üstünlüklərini bilirik və Cənubi Qafqazda da regional yanaşmanın həyata keçirilməsinə yardım etmək istəyirik. Ona görə də 3+3 təşəbbüsü bizim səylərimizdə başlıca yer tutur. Belə ki, o, Baltik ölkələri üçün Cənubi Qafqaz ölkələri ilə öz təcrübəsini bölüşmək və onlar arasında əlaqələrin bərpa olunması imkanları yaradır.

Mənə məlum olduğuna görə, beş ölkənin xarici işlər nazirlərinin və Azərbaycanın nümayəndəsinin ötən ilin dekabrında Lyublanada keçirilən ilk qeyri-formal görüşü bu təşəbbüsün həyata keçirilməsində uğurlu addım kimi nəzərdən keçirilib. İştirakçılar razılığa gəliblər və gələcəkdə də bu cür görüşlər keçiriləcək. Gəlin bir yerdə işləyək.

- Litva Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirmi? Dağlıq Qarabağ münaqişəsinin nizamlanma yollarını Siz necə görürsünüz?

- Litva öz tarixi ərzində qonşu dövlətlərlə münasibətlərdə mürəkkəb vəziyyətlər yaşayıb. Müstəqillik əldə etdikdən sonra bizim məqsədimiz keçmişi unutmamaq, gələcək üçün çalışmaq və qonşu ölkələrlə dostluq münasibətlərini möhkəmləndirməkdir. Bu, bütün regionun çiçəklənməsi üçün qaçılmaz şərtdir.

Hər bir ölkənin ərazi bütövlüyünə hörmətlə yanaşmaq lazımdır. Biz istənilən mübahisəli məsələnin sülh yolu ilə həllinin tərəfdarıyıq və çox tezliklə bizim regionda sülhün bərqərar olacağına səmimi qəlbdən ümid edirəm.

Xəbər lenti

Xəbər lenti