...

AMİP-çilərin İran səfirliyi qarşısında etiraz aksiyası keçirməsinə imkan verilmədi

Siyasət Materials 30 May 2006 14:07 (UTC +04:00)

Mayın 30-da Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) bir qrup üzvü İran İslam Respublikasının Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərib. Trend in məlumatına görə, polis əməkdaşları icazəsiz piketin keçirilməsinin qarşısını alıb.

Saat 13.00 radələrində AMİP-çilər səfirliyin binası yaxınlığına toplaşıblar. Lakin səfirlik bir saat əvvəldən polis əməkdaşlarının nəzarətinə götürülmüşdü. Binanın qarşısında şüarlar səsləndirməyə cəhd göstərən şəxslər polislər tərəfindən saxlanılıb. Yaxınlıqda jurnalistlər üçün brifinq keçirən AMİP-in baş katibi Fuad Muxtarovun dediyinə görə, 12 nəfər piket iştirakçısı saxlanılaraq polis bölməsinə aparılıb: "Biz İranda azərbaycanlılara divan tutulmasına etirazımızı bildiririk. Ümid edirik ki, soydaşlarımızın apardığı mübarizənin uğurlu sonu olacaq. Azərbaycan xalqı da ayağa qalxacaq, öz haqqını tələb edəcək. AMİP Beynəlxalq Demokrat İttifaqının üzvü olaraq İranda baş verən hadisələrə münasibətini bildirdi və bəyanat yaydı. Artıq buna dünya birliyi tərəfindən də reaksiya verilib".

Qeyd edək ki, aksiyanın qətnaməsi səfirliyə verilməsi üçün polis əməkdaşlarına təqdim olundu. Lakin İran səfirliyi piketin qətnaməsini qəbul etmədi. Qətnamədə İran hakimiyyəti tərəfindən azərbaycanlıların etiraz aksiyalarının amansızlıqla dağıdılmasına, soydaşlarımıza göstərilən təzyiqlərə son qoyulması tələb olunur.

Xəbər lenti

Xəbər lenti