...

Milli Məclisin yaz sessiyasında 14 iclas keçirilib və 68 qanun qəbul edilib

Siyasət Materials 31 May 2006 10:57 (UTC +04:00)

Milli Məclisin yaz sessiyasında 14 iclas keçirilib və 68 qanun layihəsi qəbul edilib. Trend xəbər verir ki, sessiya dövründə Milli Məclis iki Konstitusiya Qanununu birinci səsvermədə qəbul edib.

Bunlar "Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" AR Konstitusiya Qanununa əlavə və dəyişikliklərin edilməsi barədə" və "Beynəlxalq cinayətlərə görə məsuliyyəti müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında" Konstitusiya qanunlarıdır. Yaz sessiyasında eyni zamanda Əmək Məcəlləsinə və Mülki Məcəlləyə dəyişiklik və əlavələr edilib. Bu sessiyada parlament "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 14 saylı Protokolunun təsdiq edilməsi barədə" mühüm qanunu da qəbul edib.

Ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb olunmasına yönəldilən bir sıra beynəlxalq sənədlər, o cümlədən Azərbaycan Respublikası ilə Asiya İnkişaf Bankı arasında şəhər su təchizatı və kanalizasiya layihəsi üzrə kredit haqqında sazişlər, Azərbaycan Respublikasını təmsil edən Maliyyə Nazirliyi və Kreditanştalt für Iideraufbau, Frankfurt am Mayn ("KfW") arasında Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı çərçivəsində "Samur-Yalama Milli Parkının yaradılması" layihəsi üzrə Maliyyələşdirmə Müqaviləsi" təsdiq edilib.

Azərbaycan Respublikası ilə Finlandiya Respublikası, Latviya Respublikası, Çexiya Respublikası, İran İslam Respublikası arasında dövlətlərarası və hökumətlərarası sazişlərin təsdiq edilməsi haqqında qanunlar qəbul olunub. Milli Məclis yaz sessiyasının beşinci iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin hesabatını dinləyib, o cümlədən Konstitusiya ilə nəzərdə tutulan digər səlahiyyətlərini də yerinə yetirərək, "Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında" qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti