...

Müsavat Partiyası Məclisinin iclasında struktur dəyişikliklərinə baxılacaq

Siyasət Materials 31 May 2006 16:27 (UTC +04:00)

Müsavat Partiyasında müavinlik institutu ilə bağlı partiyanın yeni tərkibli Məclisinin ilk iclasında qərar veriləcək. Bu barədə Trend ə Müsavat Partiyası başqanının birinci müavini Vurğun Əyyub məlumat verib.

Qeyd edək ki, mayın 29-da keçirilən Müsavat Partiyasının VII qurultayında partiyanın strukturunda yalnız bir dəyişiklik edilib, Məclis sədri postu təsis olunub. Müavinlik institu isə ləğv edilməyib. Vurğun Əyyub bildirib ki, partiyada struktur dəyişiklikləri məsələsi yeni tərkibli Məclisin ilk iclasında həllini tapacaq. Onun sözlərinə görə, müavinlərin təyinatı, müavinlərin sayının azaldılması, yaxud çoxaldılması başqanın səlahiyyətinə aid məsələdir.

V.Əyyub həmçinin deyib ki, qurultayda partiyanın Məclisinə keçirilən seçkidə 58 nəfər üzv seçilib. Onlardan 41-i kişi, 17-si qadındır. Boş qalan 23 yerə seçkilər Məclisin iclasında keçiriləcək: "Müsavat partiyasının Məclisinə 85 üzv seçilməli idi. Bu yerlərə 196 namizəd irəli sürülmüşdü. Təlimata uyğun olaraq səsvermədə səslərin 50 faizdən çoxunu toplayanlar seçilmiş hesab olunur. Lakin 85 namizəddən 58-i bu baryeri keçə bilib. Ona görə də qalan yerlərə Məclisin iclasında seçki keçiriləcək. Bu dəfə qurultaydan fərqli olaraq, gizli səsvermə yolu ilə səslərin üçdə ikidən çoxunu toplayan namizədlər Məclisə üzv seçiləcək". V.Əyyub deyib ki, Məclisin iclası iyun ayının sonunda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti