...

ABŞ Azərbaycanın hüquq mühafizə orqanlarının xüsusi təyinatlıları üçün təlimlər keçirir

Siyasət Materials 7 İyun 2006 13:11 (UTC +04:00)

ABŞ Azərbaycanın hüquq mühafizə orqanlarının xüsusi təyinatlıları üçün FHN Binəqədi rayon Dövlət Yanğın Təhlükəsizlik Xidmətində təlimlər keçirir. Trend xəbər verir ki, iyunun 7-da bu təlimlərin bir hissəsini kütləvi informasiya vasitələrinin əməkdaşları da izləyib.

Təlimin əsas məqsədi kütləvi qırğın silahlarının və əlaqədar sursatların yayılmasının qarşısının alınması, onların aşkar və təhqiq olunması üçün Azərbaycan dövlət təşkilatlarının imkanlarını gücləndirməkdir.

Azərbaycan hüquq mühafizə orqanlarının xüsusi təyinatlı əməkdaşlarının binada yerləşdirilmiş maket şəklində təhlükəli kimyəvi maddəni və şərti terrorçunu zərərsizləşdirməsindən sonra mətbuat konfransı keçirilib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Conatan Henik bildirib ki, bu proqram NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" Proqramının həyata keçirilməsinə, Azərbaycanın quru və dəniz sərhədlərinin mühafizəsinin gücləndirilməsinə kömək məqsədi ilə təşkil olunub.

"Bu təlim "Kütləvi qırğın silahlarının yayılmasına qarşı beynəlxalq mübarizə" çərçivəsində həyata keçirilir. Sevindirici haldır ki, Azərbaycan kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizədə bizim aktiv tərəfdaşımızdır" - deyə C.Henik söyləyib.

ABŞ Silahlı Qüvvələrinin təmsilçisi mayor Kit Folsetti isə jurnalistin nəzərinə çatdırıb ki, onlar Azərbaycanda müxtəlif nazirliklərlə yüksək səviyyədə əməkdaşlıq qurublar.

Qeyd edək ki, təlimlər ABŞ Müdafiə Departamenti, Federal Təhqiqat Bürosu və ABŞ-ın Gömrük və Sərhədləri Müdafiə Agentliyi tərəfindən keçirilir. Təlimlərdə Azərbaycanın Fövqəladə Hallar Nazirliyi, Respublika Baş Prokurorluğu, Müdafiə Nazirliyi və digər hüquq mühafizə orqanlarından 100-ə yaxın nümayəndəyə böhran vəziyyətindən çıxış yolları öyrədilir.

Təlimlər iyunun 9-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti