...

Bakıda "Orta əsr əlyazmalarında tibb və əczaçılıq" mövzusunda I Beynəlxalq konfrans keçiriləcək

Siyasət Materials 8 İyun 2006 18:06 (UTC +04:00)
Bakıda "Orta əsr əlyazmalarında tibb  və əczaçılıq" mövzusunda I Beynəlxalq konfrans keçiriləcək

İyunun 12-14-də Bakıda "Orta əsr əlyazmalarında tibb və əczaçılıq" mövzusunda I Beynəlxalq konfrans keçiriləcək. Konfransın təşkilatçısı Heydər Əliyev Fondu və Vaşinqton Elmlər Akademiyasıdır. Bu barədə Trend ə eksklüziv olaraq Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov xəbər verib.

Onun sözlərinə görə, konfransın təşəbbüsçüsü qismində Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Milli Məclisinin deputatı Mehriban Əliyeva çıxış edib.

A.Ələkbərov bildirib ki, konfransın proqramı orta əsr tibb əlyazmaları, qədim və orta əsr əczaçılığı, klassik ədəbiyyatda tibb, xalq təbabəti və s. mövzuları əhatə edəcək.

Konfransın açılış mərasimi Heydər Əliyev Fondunun binasında keçiriləcək, birinci və ikinci iclas Yaxt Klubda, üçüncü iclas və bağlanış mərasimi isə Fondun Yevlax şəhərindəki regional nümayəndəliyində keçiriləcək.

Konfransın iştirakçılarına Əlyazmalar institutunda saxlanılan nadir əlyazmalarla tanış olmaq imkanı veriləcək. A.Ələkbərov xəbər verib ki, bu əlyazmalar Fondun foyesində xüsusi olaraq nümayiş etdiriləcək.

Tədbirə Almaniya, Türkiyə, Bəhreyn, İsrail, Estoniya, ABŞ, Gürcüstan, Misir, Böyük Britaniya, İran, Rusiya, Yunanıstan, Ukrayna, Rusiya, Əlcazair və başqa ölkələrdən 40-a yaxın qonaq dəvət olunub. Tədbirdə həmçinin YUNESKO-nun iki ekperti - YUNESKO-nun informasiya cəmiyyəti üzrə şöbə direktoru Əbdüləziz Abid və təşkilatın Moskva bürosunun məsləhətçisi Marius Lukoşyunosun iştirakı gözlənilir.

Fondun icraçı direktoru qeyd edib ki, konfransda YUNESKO-nun baş katibi Koiçiro Masuuranın "Orta əsr əlyazmalarında tibb və əczaçılıq" mövzusunda I Beynəlxalq konfrans iştirakçılarına ünvanlanmış müraciəti oxunacaq.

Qonaqların səfər proqramına Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin memorialının ziyarəti, ölkə bölgələrinə (Yevlax, Şəki, Qobustan) səyahət daxildir. Bu zaman ölkənin görməli yerləri ilə tanışlıq, mədəni tədbirlərdə iştirak, mədəni -tarixi abidələrlə tanışlıq olacaq.

A.Ələkbərovun qeyd etdiyi kimi, təbabət və əczaçılıq üzrə Azərbaycana məxsus üç nadir əlyazma 2005-ci il iyulun 29-da YUNESKO-nun "Dünya Yaddaşı" proqramının beynəlxalq reyetsrinə daxil edilib. Bu əlyazmalar Rüstəm Cürcaninin "Zahireyi- Nizamşahi" (XIII əsr), Əbu Əli İbn Sinanın "Əl-Qanun fit-Tibb" əsəri (XII əsr) və Əbülqasım Zəhravinin "Əl - Məqalət əs-Səlasun" əsərləridir (XI əsr).

YUNESKO-nun proqramına bütün bəşəriyyət üçün böyük əhəmiyyətə malik yazılı abidələrin mühafizəsi daxildir. Hazırda proqramın reyestrinə dünyanın 57 ölkəsinin 120 yazılı abidəsi daxildir.

Xəbər lenti

Xəbər lenti