...

Ankara şəhərində böyük Heydər Əliyev parkı salınır

Siyasət Materials 12 İyun 2006 14:13 (UTC +04:00)

Türkiyənin paytaxtı Ankara şəhərində böyük Heydər Əliyev parkı salınır. Bu barədə Trend ə Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov məlumat verib.

O bildirib ki, Ankarada Heydər Əliyev ormanının yerində indi böyük park salınır. Həmin parkın yaxınlığında 1370 kvadrat metrlik ərazisi olan məktəbə də Heydər Əliyevin adı verilib. Səfirin sözlərinə görə, bu məktəb Türkiyədə fəaliyyət göstərən Heydər Əliyev Vəqfinin himayəsindədir. "Heydər Əliyevin adını daşıyan məktəb çox böyük və gözəl bir təhsil ocağıdır. Türkiyə-Azərbacyan hökumətlərarası anlaşmada da qeyd olunub ki, Türkiyə Cümhuriyyəti var olduğu müddətdə həmin məktəb bu adı daşıyacaq. Yəni Heydər Əliyev adı məktəbin üzərində əbədidir və heç vaxt dəyişməyəcək. Parkda həmçinin Heydər Əliyevin heykəli də qoyulacaq. Bu ilin sonunadək parkın salınması başa çatacaq. Bundan sonra parkın rəsmi şəkildə açılış mərasimi olacaq. Mərasimə Azərbaycandan, Türkiyədən qonaqlar dəvət ediləcək"-deyə səfir bildirib.

Zakir Həşimov onu da deyib ki, Ankaradakı Azərbaycan səfirliyinin daxilində filmoteka da tikiləcək. Layihəyə görə, səfirliyin binasında film zalı, istirahət guşəsi yaradılacaq və bu işlərin cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulub: "Bizim Türkiyədə böyük diasporumuz var. Alimlər, mədəniyyət, incəsənət xadimləri fəaliyyət göstərir, çoxlu sayda tələbələrimiz təhsil alırlar. Elə bir filmoteka yaratmaq istəyirik ki, həmvətənlərimiz istədikləri vaxt gəlib burada Azərbaycan filmlərinə baxsınlar, musiqilərini dinləsinlər. Həmçinin Azərbaycan dilində ölkəmizə aid kitablar da qoyulacaq, mütaliə üçün imkanlar yaradılacaq. Film zalında 100-150 nəfərlik yer olacaq, bayramlarda, rəsmi günlərdə, həmçinin adi vaxtlarda diaspor nümayəndələrimizin toplaşması üçün guşə yaradılır".

Xəbər lenti

Xəbər lenti