...

Aqo Qrupu Bakıya gəlir

Siyasət Materials 13 İyun 2006 11:09 (UTC +04:00)

İyunun 13-də Aqo Qrupu missiyası 3 günlük səfərlə Bakıya gəlir. Azərbaycanın Xarici İşlər Nazirliyindən Trend ə verilən məlumata görə, missiyaya Almaniyanın Avropa Şurasında səfiri Roland Vegener (Roland Wegener) başçılıq edir.

Səfər proqramına prezident İlham Əliyev, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, xarici işlər naziri Elmar Məmmədyarov, ədliyyə naziri Fikrət Məmmədov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, AŞPA-dakı parlament missiyasının üzvləri ilə görüşlər daxildir.

Missiyaya İsveçrə, İsveç, Avstriya, Fransa və Rumıniyanın AŞ-dəki səfirləri, o cümlədən Aqo Qrupu aparatının əməkdaşları da daxil olacaq. Səfərdə məqsəd Azərbaycan və AŞ arasında əlaqələrin mövcud səviyyəsinin, ölkənin təşkilat qarşısında götürdüyü, xüsusilə seçki qanunvericiliyi, məhkəmə sistemində islahatlar və Dağlıq Qarabağ problemi üzrə öhdəliklərin yerinə yetirilməsi vəziyyətinin müzakirəsindən ibarətdir.

Aqo Qrupu 2001-ci ilin yanvarında Azərbaycan və Ermənistanın AŞ-yə daxil olması ilə bir vaxtda yaradılıb. Qrup AŞ qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilməsinin monitorinqi ilə məşğul olur və AŞ Nazirlər Komitəsi çərçivəsində fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti