...

Azərbaycan prezidenti Qazaxıstana yola düşüb

Siyasət Materials 16 İyun 2006 11:01 (UTC +04:00)

İyunun 16-da səhər Azərbaycan prezidenti İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etmiad Tədbirləri üzrə müşavirənin iyunun 17-də Almatıda keçiriləcək sammitində iştirak etmək üçün Qazaxıstana yola düşüb. Bu barədə Trend ə Azərbaycan prezidentinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Prezidentinin İcra Aparatının Xarici Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun Trend ə verdiyi məlumata görə, dövlət başçıları səviyyəsində keçiriləcək sammitdə Avrasiyada gedən proseslər, əməkdaşlığın genişləndirilməsi, gələcək addımlarla bağlı geniş fikir mübadiləsi aparılacaq. Həmçinin, sammitdə sənədlərin də qəbul olunacağı gözlənilir. N.Məmmədov təsdiqləyib ki, sammit çərçivəsində Qazaxıstan neftinin BTC boru kəməri ilə birgə nəqlinə dair hökumətlərarası sazişin imzalanması planlaşdırılır.

Xatırladaq ki, AQFET 1992-ci ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə yaradılıb. AQFET-ə üzv dövlət və hökumət başçılarının 1-ci sammiti 2002-ci ilin iyununda keçirilib. Təşkilata 16 dövlət - Azərbaycan, Türkiyə, Əfqanıstan, Misir, Hindistan, İsrail, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Monqolustan, Pakistan, Fələstin, Rusiya, Tacikistan, Özbəkistan daxildir. Təşkilatda İndoneziya, Malayziya, ABŞ, Cənubi Koreya, Yaponiya, Ukrayna və Vyetnam müşahidəçi statusuna malikdir. AQFET-də BMT, ATƏT, Ərəb Dövlətləri Liqası kimi bir sıra beynəlxalq təşkilatlar da təmsil olunub.

Xəbər lenti

Xəbər lenti