...

İstanbul və Adana Bakı-Tbilisi-Ceyhan boru kəmərinin rəsmi açılış mərasiminin mərkəzi olacaq

Siyasət Materials 16 İyun 2006 15:05 (UTC +04:00)

İstanbul və Adanada Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin rəsmi açılış mərasiminə həsr olunmuş tədbirlərə hazırlıq davam edir. Bu barədə Trend Türkiyə KİV-lərinə istinadən xəbər verib.

İşlər Türkiyənin Energetika və təbii resurslar nazirliyi və Xarici İşlər Nazirliyi ilə əlaqədə ölkənin Nazirlər kabineti və DİN tərəfindən aparılır. Tədbirə 15 dövlət başçısı, 30 baş nazir və 50-dən çox Energetika və Xarici İşlər nazirləri dəvət olunub.

Məlumata əsasən, 6 dövlət başçısı, 9 baş nazir və 23 Energetika naziri mərasimdə iştirak etmək üçün artıq rəsmi razılıq veriblər. Mərasim iyulun 12-də İstanbuldakı rəsmi tədbirlərlə başlayacaq. Qonaqlar Çıraqan, Konrad, Ceylan İnterkontinental və Hilton mehmanxanalarında yerləşdiriləcəklər.

Mərasimdə iştirak etmək üçün Böyük Britaniyadan 400 nəfərdən ibarət nümayəndə heyəti gələcək. BP şirkəti iyulun 12-də İstanbulun 4 otelində və Adananın 3 otelindəki bütün yerləri tutub.

Boru kəmərinin açılış mərasimi iyulun 12-də axşam Türkiyə prezidenti Əhməd Necdət Sezerin İstanbulun Çıraqan otelində verəcəyi ziyafətlə başlayacaq. Ziyafətdə 800 nəfər iştirak edəcək.

İyulun 13-də dövlət başçıları xüsusi təyyarə ilə Adanaya ucacaq və İncirlikdəki Amerika hərbi bazasına enəcəklər. Sonra prezidentlər zirehli maşınlarda xüsusi mühafizə dəstəsi ilə Ceyhan limanına yola düşəcəklər.

Qalan qonaqlar "Boeing 737" tipli 6 təyyarə ilə Adananın Şakirpaşa aeroportuna gələcək və sonra avtobuslarla mərasimə yollanacaqlar. İyulun 13-də Adana-Ceyhan magistralı müvəqqəti olaraq avtomobil hərəkəti üçün bağlı olacaq.

Mərasim günü "Türk Hava yolları" (THY) aviaşirkətinin reysləri dəyişdiriləcək. Belə ki, iyulun 12-də prezidentlərin gəlişi ilə əlaqədar, İstanbulun "Yaşılköy" aeroportu uçuş üçün bağlı olacaq, mərasim günü isə İstanbul -Adana reysi üzrə bütün uçuşlar qadağan olunacaq.

BOTAŞ şirkəti öz qonaqları üçün Ankarada iki təyyarə sifariş edib. Adanadakı mərasim yerli saatla 12.30-dan 14.00-a qədər davam edəcək. Mərasim yerində 1280 nəfərlik havalandırma sistemli çadırlar qurulacaq. Çadırlar Böyük Britaniyadan xüsusi təyyarədə BP şirkəti tərəfindən gətiriləcək. Mərasimin keçirildiyi yerdə iyunun 15-dən xüsusi təhlükəsizlik tədbirləri görülüb.

Qeyd olunur ki, BTC boru kəmərinin istismara verilməsinə həsr olunmuş mərasim Türkiyədə son illərdə keçirilən ən böyük tədbir olacaq. Mərasimin keçirilməsi üçün 3 nüfuzlu beynəlxalq firmadan ibarət konsorsium yaradılıb. Hazırlıq xərclərinin ümumi məbləği artıq 1 milyon ABŞ dollarını ötüb, lakin mərasimin özünə 3 - 3,58 milyon ABŞ dollarının xərclənməsi nəzərdə tutulub.

Mərasimdə prezident Ə.N.Sezerin və baş nazir Rəcəb Tayyib Ərdoğanın çıxışı gözlənilir.

Xəbər lenti

Xəbər lenti