...

Rəsmi Bakı ATƏT-in Minsk Qrupunun yeni amerikalı həmsədrindən ciddi nəticələr gözləyir

Siyasət Materials 19 İyun 2006 12:20 (UTC +04:00)
Rəsmi Bakı ATƏT-in Minsk Qrupunun yeni amerikalı həmsədrindən ciddi nəticələr gözləyir

Rəsmi Bakı ATƏT-in Minsk Qrupunun yeni amerikalı həmsədri Metyu Brayzanın fəaliyyətindən ciddi nəticələr gözləyir. Trend in ATV telekanalına istinadən xəbər verdiyi kimi, bu barədə Azərbaycan XİN başçısının müavini, ölkə prezidentinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə xüsusi nümayəndəsi Araz Əzimov bəyan edib.

Onun sözlərinə görə, yeni həmsədr regiona yaxşı bələddir və bu, onun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi ilə tanışlığını sürətləndirəcək.

"Keçmiş həmsədr Stiven Mənnin konseptual, siyasi və təcrübə nöqteyi-nəzərindən məlumatlılığı və hazırlıqlı olması danışıqlarda böyük rol oynayıb. Metyu Brayzaya gəlincə, o, Azərbaycan gerçəkliyini gözəl bilən təcrübəli diplomatdır. Biz onun fəaliyyətindən çox şey gözləyirik", - deyə A.Əzimov bildirib. O xatırladıb ki, yeni həmsədr Cənubi Qafqaz regionunda çox olub.

Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun yeni həmsədri iyunun 22-də Vyanada rəsmən təqdim olunacaq.

M.Brayza ABŞ dövlət katibinin köməkçisi kimi Bakıya sonuncu dəfə iyunun 5-6-da səfər edib. Bakıda olarkən M.Brayza Trend ə eksklüziv müsahibəsində bəyan edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olaraq qalır. "Əgər prezidentlər münaqişənin nizamlanması üzrə irəliləyişlərə nail olmaq üçün mürəkkəb və cəsarətli qərarlar qəbul edərsə, biz inanırıq ki, 2006-cı il münaqişənin həlli üçün "imkanlar pəncərəsi" olacaq", - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti