...

Səməd Seyidov: "Azərbaycanın nümayəndə heyəti AŞPA-nın yay sessiyasında tam tərkibdə iştirak edəcək"

Siyasət Materials 19 İyun 2006 15:41 (UTC +04:00)
Səməd Seyidov: "Azərbaycanın nümayəndə heyəti AŞPA-nın yay sessiyasında tam tərkibdə iştirak edəcək"

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iyunun 26-30- da keçiriləcək yay sessiyasında iştirak etmək üçün Azərbaycanın qurumdakı nümayəndə heyəti iyunun 24-də Fransaya yola düşəcək. Bu barədə Trend ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov bildirib.

S.Seyidov onu da bildirib ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibi tam formalaşdırılıb: "Hər sessiyada olduğu kimi bu dəfə də müəyyən səbəblər üzündən əsas və əvəzedici nümayəndə heyətinin bir neçə üzvü qurumun sessiyasında iştirak etməyə bilər. Buna baxmayaraq Azərbaycanın nümayəndə heyəti tam tərkibdə sessiyada iştirak edəcək".

Qeyd edək ki, sessiyanın ilk günündə AŞPA-nın sədri Rene van der Linden çıxış edəcək, Çernoqoriyanın dövlət statusu ilə bağlı keçirilmiş referendum müzakirə ediləcək. Sonrakı günlərdə Avropa İnsan Haqları Məhkəməsinə hakimlərin seçilməsi, AŞ ölkələrində gizli həbsxanalar, qeyri-qanuni miqrantların haqları, ifadə azadllığı və dini etiqadlara hörmət məsələsi müzakirə olunacaq. AŞPA-nın ölüm hökmünü ləğv etməyən AŞ üzvü dövlətlər və müşahidəçi ölkələrlə bağlı mövqeyi açıqlanacaq. Sessiyanın son günü müzakirə olunacaq məsələlər sırasına milli azlıqların hüquqlarının qorunmasına dair çərçivə Konvensiyasının AŞ tərəfindən təsdiqlənməsi məsələsi də salınıb.

Xəbər lenti

Xəbər lenti