...

Elmira Axundova: "Cəmiyyət onu müdafiə edən orduya yardım etməlidir"

Siyasət Materials 21 İyun 2006 14:25 (UTC +04:00)
Elmira Axundova: "Cəmiyyət onu müdafiə edən orduya yardım etməlidir"

İyunun 17-18-də Cəbrayıl, Beyləqan və Füzuli cəbhə bölgəsində səfərdə olan Milli Məclisin bir qrup üzvü səfərin nəticələri ilə bağlı iyunun 21-də mətbuat konfransı keçirib. Trend xəbər verir ki, deputatlar bir sıra nöqsanların olduğunu vurğulasalar da, səfərin nəticələrini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, deputat qrupuna Vahid Əhmədov, Sabir Hacıyev, Elmira Axundova, Lalə Abbasova, Əhəd Əhmədov, Əli Məsimli, Fərrux Zeynalov daxil olub.

Mətbuat konfransını açan Vahid Əhmədov bildirib ki, adıçəkilən cəbhə bölgələrinə səfərlərinin məqsədi bəzi qəzetlərdə Azərbaycan ordusu ilə bağlı tənqidi yazılar olub: "Səfərdə apardığımız müşahidələr, keçirdiyimiz görüşlərdə yazılanların heç biri ilə üzləşmədik. Azərbaycan ordusu güclənib, əsgər və zabitlərdə ruh yüksəkliyi var". Millət vəkili problemlərdən də danışıb və bunların həllinin yalnız dövlətdən asılı olmadığını qeyd edib: "İndi ordunun maddi vəziyyətini yaxşılaşdırmaq lazımdır. Düzdür, bu məqsədlə dövlət büdcəsindən 600 milyon dollar ayrılıb. Ancaq bu məbləğ ordunun daha da təkmilləşdirilməsinə azlıq edir. Bunun üçün də cəmiyyət orduya öz köməkliyini etməlidir".

Elmira Axundova isə qeyd edib ki, Füzulidə hərbçilər üçün yeni hospital tikilib, kazarmalarda səliqə-sahman var idi, onlar yüksək keyfiyyətli yeməklərlə təmin olunurlar: "Ordunun döyüş hazırlığı və ruh yüksəkliyini xüsusilə qeyd etmək lazımdır. Düzdür, nöqsanlar da mövcuddur. Ancaq onlar dövlət səviyyəsində həll olunmalıdır". E.Axundova zabitlərlə görüşlərdə ən çox Hərbi Prokurorluqdan şikayətlərin olduğunu önə çəkib. Millət vəkili qeyd edib ki, Azərbaycan ordusunun daha da gücləndirilməsi üçün cəmiyyət də fəal iştirak etməlidir: "Ordu ilə cəmiyyət arasında əlaqələr qurulmalıdır. Cəmiyyət onu müdafiə edən ordudan öz köməkliyini əsirgəməməlidir".

Səfərdə olan digər deputatlar da öz təəssüratlarını bölüşdülər. Qeyd etdilər ki, təmas xəttindən ermənilərlə 400-500 metr aralıda apardıqları müşahidələrin nəticələri onları qane edib. Xırda nöqsanlar nəzərə alınmasa, ağırlı heç bir problemlə üzləşməyiblər. O da vurğulanıb ki, təmas xəttində olan bəzi kəndlərdə evlər boşdur. Kənd təsərrüfatı işləri aparılmır.

Xəbər lenti

Xəbər lenti