...

İKT XİN başçılarının Bakı bəyannaməsinin mətni açıqlanıb

Siyasət Materials 21 İyun 2006 17:11 (UTC +04:00)

"Biz terrorun bütün forma və təzahürlərini pisləyir, terrorun qurbanı olmuş ölkələrə acıyır və onları dəstəkləyirik". Trend in verdiyi xəbərə görə, bu barədə İslam Konfransı Təşkilatının (İKT) Xarici İşlər Nazirlərinin üçgünlük 33-cü sessiyasının yekunlarına görə iyunun 21-də qəbul olunmuş Bakı bəyannaməsində deyilir.

Nazirlər bildiriblər ki, terroru din, mədəniyyət və insanlarla eyniləşdirmək cəhdləri əsassızdır, çünki bu qlobal problem nə din, nə də millətlərlə əlaqədardır. "Biz münasibətlərin inkişafını dəstəkləyir və İKT ölkələri və ATƏT, AB, AŞ, ASEAN, Amerika dövlətləri təşkilatı, Afrika Birliyi və s. daxil olmaqla, əsas beynəlxalq və regional institutlar arasında yeni əməkdaşlıq perspektivləri axtarırıq. Biz artan islamofobiyaya görə çox narahatıq və dini dözümə, dinə hörmətə və din azadlığına yardım edərək, sivilizasiya, mədəniyyət və dinlər arasında dialoqun və qarşılıqlı anlaşmanın genişləndirilməsi üzrə konkret cəhd göstərməyə çağırırıq. Ona görə biz İKT Baş Katibliyinin islamofobiya təzahürlərinin monitorinqinə yönəldilmiş işini salamlayırıq", - deyə bəyannamədə qeyd olunur. "Orta məktəblər üçün İslam haqqında proqram üçün İKT və Avropa Birliyinin müvafiq institutları arasında əlaqələrin qurulması da çox mühümdür. Biz hesab edirik ki, gənclər də daxil olmaqla, bütün dünya cəmiyyətini İslam ehkamları və dəyərləri barədə maarifləndirmək də çox vacibdir və biz KİV-in bu işdəki həlledici rolunu qeyd etmək istəyirik", -deyə sənəddə qeyd olunub.

Proqram bəyannaməsində İKT ölkələri arasında enerji resurslarının istismarı və nəqli üzrə əməkdaşlıq sosial və iqtisadi əməkdaşlıqda əhəmiyyətli amil kimi gözdən keçirilir. Nazirlər Bakı-Tbilisi-Ceyhan boru kəmərinin istismara verilməsini regiondakı strateji əməkdaşlığın nəticəsi kimi bəyənib və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisinin tezliklə başa çatmasını səbirsizliklə gözləyirlər. Nazirlər həmçinin İTK ölkələrindən keçən Böyük ipək yolunun bərpası, həmçinin Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin layihələri da daxil olmaqla, regionlararası nəqliyyat dəhlizi yaradılmasının mühümlüyünü də qeyd ediblər. Bəyannamədə deyilir: "Biz həmçinin İran və Qazaxıstan arasında enerji resurslarının nəqli, Əfqanıstan, Hindistan, İran, Pakistan və Türkmənistanın daxil olduğu qaz kəməri layihələri də daxil olmaqla, digər regional təşəbbüsləri alqışlayırıq".

Nazirlər yenə də BMT TŞ (242 və 338) və BMT Baş Assambleyası (194) qətnamələri nöqteyi-nəzərindən, Ərəb- İsrail münaqişəsinin tezliklə dinc yolla həllinin mühümlüyünü qeyd edir, 2006-cı ilin yanvar ayında Fələstində keçirilmiş seçkilər və qanuni hökümətin və digər dövlət orqanlarının müəyyən olunmasında Fələstin xalqı tərəfindən atılmış addımları dəstəkləyirlər. Nazirlər Ərəb Dövlətləri Liqasının Beyrut sammitində qəbul olunmuş münaqişənin həlli planını, "Yol xəritəsi" planı və "dünya üçün torpaq" yanaşmasını dəstəkləyir, ABŞ və Avropa Birliyinin Fələstin xalqına yardımını davam etdirməyə çağırırlar.

Xəbər lenti

Xəbər lenti