...

İslam Konfransı Təşkilatı Yaxın Şərq regionunun nüvə silahından tam təmizlənməsinin zəruri olduğunu bildirib

Siyasət Materials 21 İyun 2006 19:22 (UTC +04:00)

İslam Konfransı Təşkilatı (İKT) Yaxın Şərq regionunun nüvə silahından tam surətdə təmizlənməsinin zəruri olduğunu bildirib. Trend in verdiyi xəbərə görə, bu barədə iyunun 21-də Bakıda İKT Baş katibi Ekmeleddin İhsanoğlu deyib.

İKT Baş katibi İKT üzvlərinin İranın nüvə texnologiyalarından dinc məqsədlərlə istifadəsinin tərəfdarı olduğunu bilidirib. "Biz İranın dinc məqsədlərlə gördüyü işlərin tərəfdarıyıq, lakin bütün dövlətlər öz işlərini MAQATE ilə uyğunlaşdırmalıdırlar", - deyə E.İhsanoğlu qeyd edib və kütləvi qırğın silahlarının yayılmamasının zəruri olduğunu bildirib. "Bu kontekstdə biz Tehranın hüququnu tanıyırıq və böhranın dinc yolla - diplomatiya yolu ilə həllinin mühüm olduğunu qeyd edirik", - deyə o bildirib.

Bununla yanaşı, E.İhsanoğlu bildirib ki, sammitin yekunlarına görə Avropa Birliyi və Somalidə İKT nümayəndəliklərinin açılması haqqında qərar qəbul olunub.

İKT baş katibi Ermənistanın Azərbaycan ərazisinin bir hissəsini işğal etməsi məsələsini xüsusi olaraq qeyd edib. "Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunması və Ermənistanın işğal etdiyi əraziləri azad etməsi zərurəti ayrıca bənd kimi bu gün Bakıda İKT ölkələri XİN başçılarının 33-cü sammitinin iştirakçıları tərəfindən qəbul olunmuş "Bakı bəyannaməsi"nə daxil edilib", - deyə İKT baş katibi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti