...

Elmar Məmmədyarov: "Azərbaycanın işğal olunmuş torpaqlarında baş verən yanğınlara görə məsuliyyət Ermənistanın üzərinə düşür"

Siyasət Materials 22 İyun 2006 13:27 (UTC +04:00)
Elmar Məmmədyarov: "Azərbaycanın işğal olunmuş torpaqlarında baş verən yanğınlara görə məsuliyyət Ermənistanın üzərinə düşür"

"Azərbaycanın işğal olunmuş ərazilərində qəsdən törədilməsindən və ya təbii hadisə olmasından asılı olmayaraq baş verən yanğınlara görə məsuliyyət Ermənistanın üzərinə düşür. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda Avropa Şurası baş katibinin müavini Mod de Bur-Bukikkionu qəbul edərkən bəyan edib.

Nazir Ermənistan-Azərbaycan cəbhə xəttində davam edən yanğınlardan narahatlıq ifadə edib və vurğulayıb ki, bu, təkcə Azərbaycan üçün deyil, həm də bütün region üçün fəlakətdir. Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi məsələsinə toxunan nazir Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində qeyri-konstruktiv mövqe tutduğunu qeyd edib. O, erməni həmkarı ilə nizamlanmanın əsas prinsipləri - işğal olunmuş torpaqların azad edilməsi və qaçqınların öz doğma evlərinə qaytarılması ilə bağlı razılaşmanın əldə olunmamasından təəssüfləndiyini bildirib. Onun sözlərinə görə, müasir dünyada qaçqınların daimi yaşayış yerlərinə qayıtması məsələsinin müsbət həlli bir çox halda beynəlxalq ictimaiyyətin iradəsindən asılıdır.

Görüşdə Azərbaycan-AŞ əməkdaşlığı, İKT XİN başçılarının 33-cü Bakı sessiyasının yekunları, keçirilmiş parlament seçkilərinin nəticələri, payızda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq və digər məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti