...

Vurğun Əyyub: "Boş qalmış bələdiyyələrə keçirilən seçkilərdə iştirakın tərəfdarı deyiləm"

Siyasət Materials 22 İyun 2006 16:07 (UTC +04:00)

Müsavat Partiyası bələdiyyə seçkilərində iştirak edib-etməmək barədə qərarını partiya Məclisinin iclasında verə bilər. Bu barədə Trend ə Müsavat Partiyası başqanının müavini Vurğun Əyyub məlumat verib.

O bildirib ki, iyun ayının 19-dan etibarən Məclis sədrliyinə, Divan üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə başlanılıb. Lakin hələ ki, heç kəs namizədlik iddiasını ortaya qoymayıb. Vurğun Əyyub bunu hələ iyulun 3-dək vaxtın olması ilə əlaqələndirib. V.Əyyub Müsavat Partiyası Məclisinin sədrliyinə öz namizədliyini irəli sürəcəyini deyib.

O qeyd edib ki, Məclisin iclasında əsasən təşkilati məsələlərə baxılacaq, Məclisin sədri, katibi, Divan üzvləri seçiləcək, başqan öz müavinlərini təqdim edəcək. Həmçinin ölkədəki ictimai-siyasi vəziyyət, qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı müzakirələr aparılacaq. "Bələdiyyə seçkiləri ilə bağlı qərar veriləcəyini istisna etmirəm. Partiyada bələdiyyə seçkiləri ilə bağlı bir çox təkliflər var: seçkidə iştirakın həm tərəfdarı, həm də əleyhdarları var. Bizim partiya ötən bələdiyyə seçkilərində iştirak etmədi, ona görə mən boş qalmış yerlərə keçirilən seçkidə də işitrakın tərəfdarı deyiləm. Amma müzakirələr zamanı elə arqumentlər irəli sürülə bilər ki, bu, mənim fikrimi dəyişdirə bilər"-deyə V.Əyyub qeyd edib.

Başqan müavini Müsavat Partiyasının MSK-ya nümayəndə göndərib-göndərməməyi hələ müzakirəyə çıxarmadığını da deyib.

Xəbər lenti

Xəbər lenti