...

Rauf Qurbanov: "Azərbaycan Kommunist Partiyasının fəaliyyəti bir sıra səbəblərə görə zəifləyib"

Siyasət Materials 24 İyun 2006 11:16 (UTC +04:00)

2005-ci il parlament seçkilərində heç bir kommunistin qələbə qazanmaması və Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Ramiz Əhmədovun səhhətində yaranmış problemlər partiyasının fəaliyyətini zəiflədib. Bu barədə Trend ə AKP sədrinin birinci müavini Rauf Qurbanov bildirib.

R.Qurbanov qeyd edib ki, bütün bunlara baxmayaraq kommunistlər ideyalarına sadiqdirlər: "Biz əqidəmizdən və siyasi fəaliyyətimizdən yayınmamışıq. Kommunistlərin fəaliyyətində zəifliyi yay ayları ilə də əlaqələndirmək olar. Ümumiyyətlə, yay aylarında Azərbaycanın siyasi həyatı bir o qədər aktiv deyil. İndi hamı istirahətdədir. İstirahət başa çatdıqdan sonra biz öz fəaliyyətimizi yenidən gücləndirəcəyik".

R.Qurbanov onu da söyləyib ki, bəzi qüvvələr Ramiz Əhmədovun səhhətində yaranmış problemləri önə çəkərək partiya sədrinin kim olacağı ilə bağlı mülahizələr irəli sürürlər: "Belə hallara mətbuatda da rast gəlinir. Ramiz mülləim partiyaya rəhbərlik edir, bu məsələdə heç bir problemimiz yoxdur. İkincisi də, sədr məsələsi qurultayda həll olunur. Bizim qurultayımız isə payız aylarında keçiriləcək".

AKP rəsmisi onu da bildirib ki, iyunun 24-də partiyanın Mərkəzi Komitəsinin iclası keçiriləcək. İclasa sədrin müavini Xanmurad Əhmədov sədrlik edəcək.

Xəbər lenti

Xəbər lenti