...

Metyu Brayza: "ABŞ-ın Qafqazda strateji maraqları 3 istiqamətdədir"

Siyasət Materials 27 İyun 2006 14:12 (UTC +04:00)
Metyu Brayza: "ABŞ-ın Qafqazda strateji maraqları 3 istiqamətdədir"

ABŞ dövlət katibinin müavinin köməkçisi, ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayza bəyan edib ki, "ABŞ prezidenti Corc Buş hesab edir ki, İlham Əliyevi özümüzdən uzaqlaşdırmaqla yox, yaxınlaşdırmaqla demokratik islahatlara daha çox xeyir verə bilərik". Trend in "Azadlıq" radiosuna istinadən xəbər verdiyi kimi, M.Brayza qeyd edib ki, ABŞ-ın Qafqazda strateji maraqları 3 istiqamətdədir: enerji, təhlükəsizlik və demokratik islahatlar.

"Bəli, bizim enerji maraqlarımız var və enerjinin strateji maraq olduğunu deməkdən çəkinmirik. Bizim təhlükəsizlik maraqlarımız var və ya ənənəvi təhlükəsizlik maraqlarımız var. Bu, terrorçuluqla mübarizə, nüvə silahlarının yayılmaması, hərbi münaqişələrin qarşısının alınması və regiondakı ölkələrin ərazi bütövlüyünün bərpası və ya qorunub saxlanması deməkdir".

Onun sözlərinə görə, münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində nizamlanmalıdır.

"Gürcüstan nümunəsində, münaqişə bu ölkənin sərhədlərinin qorunub saxlanması daxilində həll olunmalıdır. Qarabağa gəldikdə isə, ABŞ-ın rəsmi mövqeyi belədir ki, biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik".

Amerikalı diplomat qed edib ki, ABŞ-ın regiondakı üçüncü strateji marağı demokratik və iqtisadi islahatları, ölkələrdəki daxili islahatları dəstəkləməsi ilə bağlıdır. Onun sözlərinə görə, sabitlik yalnız legitimlikdən doğur. Legitimlik isə, siyasi tərəfdən demokratiya, iqtisadi tərəfdən firavanlıq tələb edir.

M.Brayza Ağ Evin Azərbaycanda demokratiyanın inkişafı məsələlərinə ciddi marağını qeyd edib. "ABŞ demokratiya məsələsində Azərbaycanda çox ciddi iş aparır. Biz hiss edirik ki, respublikada bu istiqamətdə irəliləyişlər göz qabağındadır", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti