...

YAP-ın nümayəndə heyəti Misir Ərəb Respublikasında səfərdədir

Siyasət Materials 27 İyun 2006 18:51 (UTC +04:00)

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icraçı katibi Əli Əhmədovun başçılığı ilə nümayəndə heyəti Misir Ərəb Respublikasına səfər edib. Trend xəbər verir ki, səfər Misirin Şura Məclisinin sədri, ölkənin hakim Milli-Demokratik Partiyasının baş katibi Saffat Əş-Şərifin dəvəti ilə həyata keçirilib.

Əli Əhmədov Saffat Əş-Şəriflə görüşündə YAP barədə məlumat verib, Azərbaycanın siyasi həyatında cərəyan edən proseslərdən, ölkəmizdə demokratikləşmə sahəsində əldə olunan uğurlardan danışıb. O, Azərbaycanın dünyanın bütün dövlətləri ilə əməkdaşlıq əlaqələrindən bəhs edib, siyasi, iqtisadi, insan haqlarının qorunması, demokratiyanın daha da dərinləşməsi sahəsində həyata keçirilən uğurlu islahatların ölkəmizin beynəlxalq aləmdə gündən-günə nüfuzunun artmasında başlıca amil olduğunu qeyd edib.

Ə.Əhmədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən geniş söhbət açıb, torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini, bu ərazilərdə etnik təmizləmə siyasətinin həyata keçirildiyini diqqətə çatdırıb.

Şaffat Əş-Şərif ölkələrimizin hakim partiyaları arasındakı münasibətlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə gəlincə, Saffat Əş-Şərif qeyd edib ki, hər bir ölkənin ərazi bütövlüyü toxunulmazdır və problemin həlli istiqamətində Azərbaycanın tutduğu haqlı mövqe ölkəsi tərəfindən yüksək qiymətləndirilir. O, həmçinin Misirin ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqları, vasitəçilik səylərini, hər iki ölkənin rəhbərlərinin mütəmadi görüş və danışıqlarını dəstəklədiyini bildirib, bu münaqişənin dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında ən yaxın zamanda sülh yolu ilə həll olunacağına ümid etdiklərini söyləyib.

Xəbər lenti

Xəbər lenti