...

Mustafa Evran: "İyulun sonlarında Cənubi Kipr və Quzey Kıprıs Türk Cümhuriyyəti prezidentlərinin görüşünə hazırlıqla bağlı danışıqlar aparılacaq"

Siyasət Materials 18 İyul 2006 15:30 (UTC +04:00)

İyulun sonlarında Cənubi Kipr və Quzey Kıprıs Türk Cümhuriyyətinin (QKTC) komissiyaları arasında bu dövlətlərin prezidentlərinin görüşünə hazırlıqla bağlı danışıqlar aparılacaq. Bu barədə Trend ə QKTC-nin Azərbaycandakı təmsilçisi Mustafa Evran bildirib.

M.Evran onu da qeyd edib ki, 10 gün bundan öncə BMT baş katibinin siyasi işlər üzrə müavini İbrahim Qambari Kipr, Türkiyə və Yunanıstana səfər edərək, bəzi görüşlər keçirib: "Kiprdəki görüşlərdə Cənubi Kiprin prezidenti Tasos Papandopolus ilə QKTC prezidenti Mehmed Əli Talatı bir araya gətirib. Tərəflər Kipr probleminin çözülməsi ilə bağlı gələcək danışıqların aparılmasına razılıq veriblər".

M.Evran onu da əlavə edib ki, iyulun sonunda tərəflərin komissiyaları səviyyəsində danışıqların başlanmasına qərar verilib. Danaşıqlar gələcəkdə hər iki dövlət başçılarının görüşünə hazırlıq məqsədi daşıyır: "Bu müsbət bir haldır. Çünki biz Kiprdə sülhün, barışın tərəfdarıyıq. 2004-cü il aprelin 24-də keçirilən referendumda QKTC əhalisinin 65 faizi BMT baş katibi Kofi Annanın "Razılaşma planı"na "hə" demişik. Lakin Cənubi Kipr 76 faizlə bu planın əleyhinə səs verib".

M.Evran onu da vurğulayıb ki, Cənubi Kipr QKTC-nin dünyaya inteqrasiyasının qarşısını almağa cəhd göstərir: "Cənubi Kipr Beynəlxalq Aviasiya Şirkətinə şikayət edərək bizim dünya ilə hava əlaqəmizi kəsib. Bizim də onlar kimi dünya ilə əlaqə qurmağımıza hüququmuz var". M.Evran onu da əlavə edib ki, Avropa Birliyi kimi bəzi beynəlxalq təşkilatlar və nəhəng dövlətlər onlara vədlər veriblər: "Demişdilər ki, Kofi Annan planına razılıq versəniz dünya ilə inteqrasiynıza, üzərinizdə olan embarqoların aradan qaldırılmasına sizə köməklik göstərəcəyik. Biz də buna inandıq. Ancaq onlar verdikləri sözləri yerinə yetirmədilər. Yalnız Azərbaycan bu məsələdə ən cəsarətli addımını atdı. Amma rəsmi Bakı da bizə göstərdiyi diqqətə görə hədəfə alındı. Baxmayaraq ki, Azərbaycanın Dağlıq Qarabağ problemi var. Biz rəsmi Bakıya təşəkkürlər edirik".

Xəbər lenti

Xəbər lenti