...

Nuşirəvan Məhərrəmli: "Təsadüfi adamların telekanal açmasına imkan verməyəcəyik"

Siyasət Materials 1 Dekabr 2006 17:07 (UTC +04:00)
Nuşirəvan Məhərrəmli: "Təsadüfi adamların telekanal açmasına imkan verməyəcəyik"

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Trend Agentliyinə müsahibə verib

- Nuşirəvan müəllim, ANS-in tezliyinə elan olunan müsabiqənin şərtləri nədən ibarətdir?

- Bu barədə sabah - dekabrın 2-də qəzetlərdə məlumat çap olunacaq. Şərtlər belədir ki, müsabiqə iştirakçıları qanunvericiliyə görə Azərbaycan vətəndaşı olmalı, ağır və xüsusilə ağır cinayət məsuiyyətinə cəlb olunmamalı, ictimai mənəviyyat əleyhinə məhkum edilməməli, məhkəmə tərəfindən fəaliyyət qabiliyyətsizliyi təsdiqlənməməli, hüquqi şəxslərin Nizamnamə kapitalında xarici vətəndaşlıq payı olmamalıdır. Həmçinin dini qurumlar və siyasi partiyalar müsabiqədə iştirakçı ola bilməzlər. Qalan bütün vətəndaşlar müsabiqədə iştirak edə bilərlər. Müsabiqə dekabrın 5-dən yanvarın 5-dək elan olunub. Bu müddət bitdikdən sonra bir ay ərzində nəticələrə baxacağıq.
Müsabiqədə hansı sənədlərin tələb olunması barədə də mətbuatda məlumat veriləcək, bunlar ümumi qaydalardır.

- Müsabiqə başa çatdıqdan sonra qalib gəlmiş telekanal həmin tezlikdə nə vaxt fəaliyyətə başlayacaq?

- Müsabiqə başa çatandan sonra, yanvarın 5-dən fevralın 5-dək Teleradio Şurası nəticələri müzakirə edib qərar verəcək. Qərardan sonra 6 ay müddətində həmin kanal efirə çıxmalıdır. Əgər 6 ay ərzində efirə çıxmasa, onda lisenziyası geri alınacaq. Əlbəttə, belə vəziyyətdə mövcud telekanalın efirə çıxması daha rahatdır, çünki maddi-texniki bazası, kadr tərkibi artıq var. Yeni yaranan telekanal isə bu sahədə ciddi çalışmalıdır.

- Hansı məqamlar əsas götürülərək ANS-in müsabiqədə iştirakına dair qərar verildi?

- Ümumiyyətlə, bu məsələ çox qızğın müzakirələrə səbəb oldu. Nəhayət, çox çətinliklə bir qərara gələ bildik. Dövlət başçısının ANS-lə bağlı xoş niyyətini, ölkədə barışdırıcılıq missiyasını əsas götürərək ANS-in müsabiqədə iştirakını məqsədəuyğun saydıq. Qanunda hər hansı tezlikdə əvvəllər fəaliyyət göstərmiş kanalın yenidən bu müsabiqədə iştirak edib-etməməsinə dair konkret müddəa yoxdur. Başqa bir müddəa var ki, əgər hansısa kanalın fəaliyyətinə xitam verilirsə, o, yalnız bir ildən sonra müsabiqədə iştirak edə bilər. Buna görə də məsələ mübahisəli idi. Amma Teleradio Şurası son anda belə bir qərara gəldi ki, ANS-in müsabiqədə iştirakı məqbul sayılsın.
Amma bəzi mətbu orqanlarda Teleradio Şurası ilə ANS-in münasibətləri anlaşılmazlıq kimi şərh edilir. Teleradio Şurası bu fikirləri qəbul etmir. Biz hesab edirik ki, ANS tərəfindən qanunlar pozulub və biz buna uyğun qərar çıxardıq.

- Dövlət başçısının fikirlərini ANS-ə şans yaratmaq kimi də başa düşmək olarmı?

- Dövlət başçısı açıq şəkildə bəyan etdi ki, hər kəs qanunlara əməl etməlidir. Bu, çox doğru mövqedir və biz bunu alqışlayırıq. Çünki Teleradio Şurası fəaliyyətini qanunlar çərçivəsində qurur. Biz prezidentin xoş məramını nəzərə alıb ANS-in müsabiqəyə buraxılmasına qərar verdik. Ölkədə yeni və sürətli inkişaf dövrü başlayıb. Bu dövr də onun tələblərinə uyğun hərəkət etməyi tələb edir. Burada hakim mövqedə qanunlar dayanmalıdır - istər hakimiyyətdə, istər müxalifətdə olanlar üçün. Hər hansı bir sahədə əgər hüquqi baza yoxdursa, o zaman heç işləməyə də dəyməz.

- Bu fikriniz yenə də qüvvədə qalırmı ki, ANS-lə müqayisədə digər iştirakçılara üstünlük veriləcək?

- Qanuna əsasən çıxış edəndə məntiq bunu diqtə edir. Çünki ANS-lə biz artıq işləmişik, müəyyən nöqsanları olduğu üçün lisenziya müddəti uzadılmayıb. Yeni yaranacaq kanalın isə hələ ki, hər hansı bir fəaliyyəti olmadığı üçün onun nöqsanları barədə də danışmaq mümkün deyil. Yəni, hüquqi baxımdan digər iştirakçıların imtiyazları daha çoxdur.

- Müsabiqə iştirakçısı olmaq istəyənlər kimlərdir?

- Müsabiqə rəsmi şəkildə dekabrın 5-dən qüvvəyə minir. İndiyədək şifahi formada 9-dək şəxs müraciət edib, müsabiqənin şərtlərini öyrənməyə çalışıb. Bir nəfər isə rəsmi şəkildə müraciət edib, o da hazırda ANS kanalının öz nümayəndəsidir. Bu şəxs əvvəllər də telekanal açmaq üçün müraciət etmişdi. Sənəd verən şəxsin adını çəkmirəm, çünki onu zərbə altında qoymaq istəmirəm. Şərtlərə uyğun olaraq istənilən Azərbaycan vətəndaşı bu müsabiqədə iştirak edə bilər.
Onu da qeyd edim ki, müsabiqə üçün lazım olan sənədlərdən hansısa biri verilməsə, ümumilikdə müraciət qəbul olunmayacaq. Bütün sənədlər notarius qaydasında möhürlənməlidir.

- Müsabiqədə iştirak etmək istəyənlər tanınmış və peşəkar şəxslərdir, yoxsa televiziya sahəsinə aidiyyatı olmayanlardır? Ümumiyyətlə, bu tezliyi peşəkarlar gözləyir, yoxsa təsadüfi şəxslər?

- Müsabiqə ilə maraqlananlar bu və ya digər şəkildə televiziyalarda çalışan insanlardır. Amma bəziləri bir neçə ay telekanalda aparıcılıq edib, indi telekanal açmaq fikrinə düşüb. Yəni, belələri də var. Amma biz təsadüfi adamların telekanal açmasına imkan vermərik.

- Digər telekanalların lisenziyasının uzadılması, həmçinin xarici teleradio kampaniyalarının yayımı məsələsi nə yerdədir?

- Əvvəlcə "Aygün TV" ilə "Avropa+" radiostansiyasının lisenziyasının uzadılması məsələsinə baxacağıq, ondan sonra digərlərinin. Biz dünənki qərarımızı həm də xarici kanalara aid etdik. Bütün xarici kanalların Azərbaycanda yayımı qanuna uyğun şəkildə aparılmalıdır. Bütün xarici kanallar peyk və kabel vasitəsilə yayımlanmalıdır. Əgər onların hüquqi bazası yoxdursa, yayımları dayandırılacaq. Azərbaycan o ölkələrin kanallarının ərazimizdə yayımına icazə verəcək ki, həmin ölkələr də bizim kanallarla bağlı adekvat addım atsın, eyni şəraiti yaratsın. Məsələn, Türkiyə tərəfi Azərbaycan televiziyalarını yayımlayırsa, biz də onların kanallarını yayımlayacağıq.
Həmçinin FM-lərdə yayım da dövlətlərarası müqavilələr əsasında həll olunacaq.

Xəbər lenti

Xəbər lenti