...

Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının iclası keçirilib

Siyasət Materials 4 Dekabr 2006 15:56 (UTC +04:00)

Dekabrın 4-də Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının ilclası keçirilib. Trend in məlumatına görə, iclasda "Daxili audit haqqında" qanun layihəsi müzakirə olunub. Parlamentin iqtisadi siyasət daimi komissiyasının sədri, millət vəkili Ziyad Səmədzadə bildirib ki, hazırkı dövrdə daxili audit haqqında qanun qəbul etmək vacibdir.

İclasda millət vəkilləri ilə yanaşı bir sıra nazirliklərin və əlaqədar təşkilatların nümayəndələri də iştirak ediblər.

Auditorlar Palatasının sədri Vahid Novruzov qanun layihəsi haqda məlumat verib. Onun sözlərinə görə, qanun layihəsini Milli Bankın, Ədliyyə və Vergilər Nazirliklərinin, eləcə də Auditorlar Palatasının nümayəndəlirindən ibarət işçi qrup hazırlayıb və digər nazirliklərin təklifləri də nəzərə alınıb.

Eyni zamanda Türkiyə və Latviyanın təcrübəsindən istifadə olunub. Qanun 5 fəsil və 16 maddədən ibarətdir.

Vergilər Nazirliyinin Daxili Audit İdarəsinin rəisi Vüqar Əliyev, Hesablama Palatasının nümayəndəsi Cəfər Həsənov, Maliyyə Nazirliyinin Maliyyə Təftiş İdarəsinin rəisi Cavanşir Yusifov, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, "Auditorlar" İctimai Birliyinin sədri Ramiz Qədimzadə, İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzinin rəhbəri Yaşar Məmmədov və digərləri çıxış edərək, müzakirə olunan qanun layihəsi haqqında öz fikirlərini bildirib və bir sıra təkilflər irəli sürüblər.

Sonda qərara alınıb ki, parlamentin iqtisadi siyasət komissiyasının üzvü, millət vəkili Əli Məsimlinin rəhbərliyi altında işçi qrup yaradılsın və qanun layihəsi üzərində işi davam etdirilsin, irəli sürülən təkliflər araşdırılsın və nəzərə alınsın.

Daha sonra "Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işçilərin əməyinin ödənilməsinin tənzimlənməsi haqqında" qanun layihəsi müzakirə olunub. Adıçəkilən qanun layihəsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi birgə hazırlayıblar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmisi Tatyana Babayeva qanun layihəsi haqda məlumat verib.

Qanuna əsasən dövlət orqanlarında çalışanların vəzifə maaşlarına əlavə olaraq verilən 76 növ mükafatlardan 33 növu ləğv olunub, 17 növü isə təkmilləşdirilib. Çıxış edən millət vəkilləri Əli Məsimli və Vahid Əhmədov, Təhsil Nazirliyinin idarə rəisi Həmid Zeynalov və digərləri bir sıra təkliflər irəli sürüblər. Sonda qərara alınıb ki, qanun layihəsi üzərində işi davam etdirilsin və bir sıra məsələlər dəqiqləşdirilsin.

Xəbər lenti

Xəbər lenti