Küveyt erməni təcavüzü nəticəsində doğma yerlərindən qovulmuş Azərbaycan qaçqın və məcburi köçkünlərinə göstərilən humanitar yardımın həcmini və səviyyəsini artıra bilər. Bu fikir Azərbaycan hökumətinin nazir müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş uzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun Küveytin Vəqflər və İslam İşləri üzrə naziri Abdulla Maatuk əl-Maatukla həmin ölkəyə rəsmi səfəri zamanı keçirilən görüşdə səsləndirilib. Bu barədə Trend ə eksklüziv olaraq nazir müavinini həmin səfərdə müşayət edən Dövlət Komitəsinin şöbə rəisi Qurban Sadıxov bildirib.
Görüş zamanı Ə.Həsənov Küveyt hökumətinin nazirinə Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, Azərbaycanın qaçqın və məcburi köçkünlərinin problemləri, bu kateqoriyaya aid şəxslərin sosial həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində Azərbaycan hökumətinin gördüyü tədbirlər barədə məlumat verib.
Səfər çərçivəsində Azərbaycanın Dövlət Komitəsinin başçısı həmçinin Küveyt Qırmızı Aypara Cəmiyyətində də olub, humanitar sahədə əməkdaşlıq perspektivləri baarədə söhbət aparıb.
Q.Sadıxov məlumat verib ki, Azərbaycan tərəfi əsasən 500 məcburi köçkün ailəsi üçün qəsəbənin salınması, xəstəxana və məktəb tikintisi nəzərdə tutan bir neçə layihə təqdim edib.
Dövlət Komitəsi şöbə rəisinin verdiyi məlumata əsasən, Dövlət Komitəsi başçısının səfər proqramına həmçinin baş nazirlə, parlament sədri və Küveyt taxt-tacının vəliəhdi ilə görüşlər daxildir.