...

GUAM Nazirlər Şurası Dağlıq Qarabağ ərazisində "konstitusiya referendumu" adlandırılan aktla bağlı bəyanat verib

Siyasət Materials 5 Dekabr 2006 13:42 (UTC +04:00)
GUAM Nazirlər Şurası Dağlıq Qarabağ ərazisində "konstitusiya referendumu" adlandırılan aktla bağlı bəyanat verib

Trend bildirir ki, GUAM Xarici İşlər Nazirləri Şurası Azərbaycan respublikasının Dağlıq Qarabağ regionu ərazisində 2006-cı il dekabrın 10-na təyin olunmuş "konstitusiya referendumu" ilə bağlı ciddi narahatlığını bildirib.

Bəyanatda deyilir ki, Şura "referendum"un keçirilməsini Azərbaycan Konstitusiyasının, eləcə də beynəlxalq hüququn müvafiq norma və prinsiplərinin pozulması kimi qiymətləndirir. Bu səbəbdən həmin "referendum" heç bir hüquqi əhəmiyyət kəsb etməyəcək və nəticələri həqiqi qəbul edilməyəcək.

Nazirlər vurğulayırlar ki, "referendum" sürən sülh prosesini pozur və regionda vəziyyətin ağırlaşması məqsədilə keçirilir, beynəlxalq ictimaiyyəti çaşdırır.

GUAM XİN Şurası hesab edir ki, bu akt demokratiynın bütün dünya tərəfindən qəbul olunmuş standart və normalarına, qanunun və insan haqlarının aliliyi prinsipinə ziddir. Dağlıq Qarabağ ərazisi əhalisinin özünüidarəsini əks etdirən istənilən konstitusiya sənədi regionun həm azərbaycanlı, həm erməni icmaları aid olmaqla bütün əhalisinin tam, bərabər və birbaşa iştirakı ilə hüquqi, demokratik və sülh prosesi çərçivəsində işlənib hazırlana bilər.

GUAM Nazirlər Şurası bütün ATƏT üzvü olan ölkələri və digər beynəlxalq təşkilatları bu cür qeyri-qanuni hərəkəti müzakirə etməyə, Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sərhədləri çərçivəsində münaqişənin sülh yolu ilə tənzimlənməsi istiqamətində davam edən cəhdləri dəstəkləməyə çağırır.

Xəbər lenti

Xəbər lenti