...

AXCP sədrinin müavini: "Mətbuat azadlığını müdafiə üzrə Koordinasiya Şurası müxalifətin siyasi birliyi deyil"

Siyasət Materials 5 Dekabr 2006 16:41 (UTC +04:00)

"Söz və mətbuat azadlığını müdafiə üzrə Koordinasiya Şurası müxalifətin
siyasi birliyi deyil və olmayacaq da". Bu fikirləri Trend ə açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin siyasi məsələlər üzrə müavini Fuad Mustafayev bildirib.

O qeyd edib ki, Koordinasiya Şurası AXCP və bir neçə media qurumunun yerləşdiyi binadan çıxarılması, jurnalistlərin buna etiraz olaraq aclıq aksiyası keçirməsi, azad mətbuata qarşı təzyiqlərlə əlaqədar yaradılmışdı və funksional bir qurumdur. F.Mustafayevin sözlərinə görə, Koodinasiya Şurasında fikir mübadiləsi aparılmasından tutmuş söz azadlığının müdafiəsi üçün görülən tədbirlərin koordinasiyasına qədər bütün məsələlər müzakirə olunur: "Lakin bəzi siyasi qüvvələr burada siyasi birliyin olmasının zəruriliyindən danışırlar. Mən belə fikirləri başa düşmürəm. Koordinasiya Şurasında bir araya gələn qüvvələrin bir çox məsələlərə dair, həmçinin hakimiyyətə münasibətdə mövqelərində kəskin fərqlər var. Bu çərçivədə siyasi birlikdən danışmaqla bəzi siyasi xadim və partiyalar özlərinin ləkələnmiş siyasi reputasiyalarını yenidən bərpa etməyə çalışırlar"-deyə AXCP funksioneri vurğulayıb.

Qeyd edək ki, müxalifəti təmsil edən AXCP hazırda "Azadlıq" siyasi blokunun üzvü və həmtəsisçisidir. Partiyanın qurucusu və 2000-ci ilə qədər sədri Azərbaycanın eks-prezidenti, milli azadlıq hərəkatının lideri, mərhum Əbülfəz Elçibəy olub. 2000-ci ildən indiyədək AXCP-yə keçmiş dövlət katibi, sabiq deputat Əli Kərimli sədrlik edir.

Xəbər lenti

Xəbər lenti