...

ARDNF başçısı: Azərbaycan Neft Fondu qarşısına qoyulmuş məqsədləri müvəffəqiyyətlə yerinə yetirir

Siyasət Materials 7 Dekabr 2006 11:36 (UTC +04:00)
ARDNF başçısı: Azərbaycan Neft Fondu qarşısına qoyulmuş məqsədləri müvəffəqiyyətlə yerinə yetirir

Trend in Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovla eksklüziv müsahibəsi

-Azərbaycan Dövlət Neft Fondu haqqında Əsasnamənin təsdiq olunmasından 6 il keçir. Bu gün demək olarmı ki, Neft Fondu qarşısına qoyduğu məqsədlərə çatıb?

- Tam əminliklə deyə bilərəm ki, Neft Fondu qarşısına qoyulmuş məqsədləri müvəffəqiyyətlə yerinə yetirir. Fond gələcək nəsillər üçün Azərbaycanın neft ehtiyatlarının istismarından əldə edilən valyuta vəsaitlərinin yığımı ilə fəal şəkildə məşğul olur, Fondun valyuta vəsaitinin cari sosial və infrastruktur yönümlü ehtiyaclar üçün istifadəsini təmin edərək, makroiqtisadi sabitliyi qoruyur.
Neft ehtiyatlarının istimarından əldə olunan vəsaitlər Neft Fondunda toplanır və onların həcmi ildən ilə artmaqdadır. Hazırda Fondun valyuta aktivlərinin həcmi 1,5 milyard ABŞ dolları səvyyəsindədir. Fondun vəsaitləri xarici ölkələrin etibarlı banklarında və qiymətli kağızlarında saxlanılır. Bununla, bir tərəfdən ölkə iqtisadiyyatı bu valyuta kütləsinin potensial neqativ təsirindən qorunur, digər tərəfdən Fondun valyuta vəsaitinin idarə edilməsi sayəsində onun artırılması təmin edilir.
Neft Fondunun vəsaitinin bir hissəsi ölkədə dinamik iqtisadi inkişafın təmin edilməsi üçün mühüm investisiya layihələrinə yönəldilir. Azərbaycanda həyata keçirilən strateji əhəmiyyətli dövlət proqramları və layihələrin maliyyələşdirilməsində Dövlət Neft Fondunun rolu ildən-ilə daha da artır.
2002-ci ildən 2006-cı ilin oktyabr ayının sonunadək Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə Dövlət Neft Fondu 312 mİlyon ABŞ dollarından çox vəsait yönəldib. Bununla yanaşı, Fondun 941 milyon ABŞ dollarından çox vəsaiti dövlət büdcəsinə transfer edilib. Bu vəsait hesabına dövlət investisiya layihələrinin və sosial proqramların maliyyələşdirilməsi təmin edilib.
Cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başladıqdan iki həftə sonra hökumət üzvləri ilə keçirdiyi müşavirədə Azərbaycanda bir çadır şəhərciyinin belə qalmayacağını rəhbərlik etdiyi hökumətin qarşıdakı beş il ərzində həyata keçirəcəyi ən mühüm məsələlərdən biri kimi müəyyən etmişdi. Bu gün əminliklə demək olar ki, bu vəzifə vaxtından əvvəl həyata keçiriləcək və Azərbaycanda bütün çadır şəhərcikləri 2007-ci ilin sonuna kimi tamamilə ləğv olunacaq. Qürur hissi ilə deməliyəm ki, bu problemlərin böyük bir hissəsi Neft Fondunun vəsaitləri hesabına öz həllini tapıb. 2001-ci ildən 2006-cı il oktyabrın sonuna qədər olan dövr ərzində Dövlət Neft Fondundan qaçqın və məcburi köçkünlərin sosial-məişət problemlərinin həllinə 178,5 mİlyon ABŞ dolları həcmində vəsait yönəldilib.

- Cənab İlham Əliyevin Prezident seçilməsindən keçən 3 il ərzində Neft Fondu öz vəzifələrini necə həyata keçirib və hansı uğurlara nail olub?

Bu gün biz Azərbaycanda gedən genişmiqyaslı quruculuq işlərinin, aparılan islahatların və müsbət dəyişikliklərin şahidiyik. Ölkə iqtisadiyyatında tamamilə yeni bir mərhələ başlanıb. Banisi ümummilli liderimiz Heydər Əliyev olduğu Milli Neft Strategiyasının uğurla reallaşması sayəsində, habelə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin son üç ildə həyata keçirdiyi siyasi və iqtisadi doktrinasının müsbət nəticəsi olaraq ölkəmizin neft ehtiyatlarının xarici şirkətlərlə birgə istismarı ildən ilə artır.
Digər mühüm nailiyyət olaraq bir zamanlar "kəmər röyası" adlanan, indi isə hər gün Bakıdan neft ixrac edən Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin bu il istifadəyə verilməsi, habelə Şahdəniz yatağından qazın ixracını təmin edəcək Bakı-Tbilisi-Ərzurum qaz xəttinin tikintisi üzrə işlərin yekunlaşma mərhələsində olması belə deməyə imkan verir ki, ölkənin karbohidrogen ehtiyatlarının etibarlı şəkildə nəqlini və xarici bazarlara ixracını təmin edəcək boru nəqliyyat sistemi formalaşıb. Bütün bunlar isə öz növbəsində dövlətimizin valyuta potensialının sürətlə artmasına təkan verir.
2006-cı ildən başlayaraq Neft Fondu tərəfindən daha iki yeni böyük layihənin - "Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi" və "Samur Abşeron suvarma sisteminin yenidən qurulması" layihələrinin maliyyələşdirilməsinə başlanmışdır. Bu layihələrin reallaşması sayəsində Bakı şəhərinin su təchizatı daha da yaxşılaşacaq və ölkənin irriqasiya sistemi yenidən qurulacaqdır.
Azərbaycanın malik olduğu neft sərvətləri hesabına ölkədə formalaşan güclü neft sektoru ilə bərabər tarazlı iqtisadiyyatın qurulması və dinamik qeyri neft sektorunun inkişaf etdirilməsi kimi məsələlər yeni prioritet vəzifəyə çevrilib və bu məqsədlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə hökümətinin qarşısına qoyduğu mühüm strateji və həlli vacib sayılan hədəflər kimi qəbul edilir. Bu hədəflərə çatmaq üçün dövlət başçısının son illər ərzində atdığı bir neçə strateji əhəmiyyət kəsb edən addımları xüsusilə qeyd etmək lazımdır. Belə ki, ölkənin ilbəil artan neft və qaz gəlirlərini qeyri-neft sektoruna yönəltməklə, iqtisadiyyatın tarazlı inkişafına nail olmaq, gəlirlərin səmərəli idarə olunmasını və istifadəsini təmin etmək məqsədilə, dövlət başçısının 27 sentyabr 2004-cü il tarixli Fərmanı ilə "Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya" qəbul edildi. Bu mühüm sənədin qəbul edilməsi ilə neft gəlirlərinin səmərəli və məqsədyönlü istifadəsi, onların qeyri-neft sektorunun inkişafına yönəldilməsi üçün əsaslı zəmin yaradıldı.
Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya"ya uyğun olaraq neft sektorundan əldə edilən gəlirlərin iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafına, bu sahələrdə mövcud müəssisələrin maddi və texnoloji bazasının yeniləşməsinə investisiya qoyuluşunun təşviqi məqsədilə bu il dövlət başçısı tərəfindən digər önəmli bir qərar qəbul edilib. Prezidentin 30 mart 2006-cı il tarixli Sərəncamı ilə "Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyəti yaradılıb və Şirkətin ilkin nizamnamə kapitalının Dövlət Neft Fondunun vəsaiti hesabına formalaşdırılmasına qərar verilib. Sərəncamda göstərildiyi kimi, Şirkətin investisiya fəaliyyətinin məqsədini əsasən ölkə iqtisadiyyatının qeyri-neft sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərin və digər kommersiya təşkilatlarının nizamnamə kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşunun həyata keçirilməsi təşkil edir.
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Dövlət Neft Fondunun 2006-cı il büdcəsinə uyğun olaraq "Azərbaycan İnvestisiya Şirkəti"nin nizamnamə kapitalının formalaşmasına 90 milyon manatın ayrılması nəzərdə tutulmuşdur. Fondun cari il üçün büdcəsinin icrası çərçivəsində şirkətin nizamnamə kapitalının tam şəkildə formalaşması artıq təmin edilib.
İnvestisiya şirkətinin yaradılması dövlət tərəfindən həyata keçirilən investisiya siyasətinin tərkib hissəsidir. Lakin dövlət investisiyalarından fərqli olaraq, bu şirkətin fəaliyyəti sayəsində ölkəmizdə yeni və qabaqcıl prinsiplərə cavab verən müasir investisiya mexanizminin tətbiqinə start verilib. Yeni sayılan bu mexanizmin tətbiqi sayəsində dövlət investisiyalarını müəssisələrin nizamnamə kapitalındakı paylarının alınmasına və ya layihələrdə iştirak payına yönəltməklə, bir tərəfdən bu müəssisələrin fəaliyyətinin canlanmasına, layihələrin həyata keçirilməsinə nail olunur, qeyri-neft sahələrinin inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən investisiya siyasəti öz tətbiqini tapır, digər tərəfdən dövlət və özəl sektorlarının mülkiyyət bazaları arasındakı mütənasibliyin qorunması təmin edilir. Şirkətin səhm, istiqrazların buraxılması ilə bağlı fəaliyyəti isə ölkəmizdə qiymətli kağızlar bazarında canlanmanın yaranması, korporativ idarəetmə formalarının inkişaf etməsi üçün əhəmiyyətli təkan ola bilər.
Şirkətin müəssisələrdəki səhmlərindən əldə olunan dividendlər isə dövlətin, yəni Dövlət Neft Fondunun hesabına mədaxil olacaqdır ki, bu isə Fondun əlavə daxilolma mənbəyinin yaranması və vəsaitinin artırılması deməkdir.

- USTDA vəsaitləri hesabına keçən ildən həyata keçirilən ARDNF-nin institusional inkişafı istiqamətində hansı işlər görülüb və layihənin ikinci mərhələsinə nə vaxt başlanacaq? Beynəlxalq məsləhətçilər tərəfindən ARDNF vəsaitlərinin idarə olunması üzrə əcnəbi menecerlərin siyahısının genişləndirilməsi, yaxud dəyişdirilməsi təklif olunurmu və onların işi üzrə monitorinq keçirilibmi?

- Dövlət Neft Fondu və Overture Financial Services şirkəti arasında ABŞ-ın Ticarət və İnkişaf Agentliyi (TİA) tərəfindən maliyyələşdirilən "Neft Fondunun institusional Quruculuğun Təkmilləşdirilməsi" layihəsinin həyata keçirilməsinə dair 2005-ci il yanvarın 18-də imzalanmış saziş TİA tərəfindən 2005-ci il aprelin 7-də bəyənilmişdir. Overture Financial Services LLC şirkəti ARDNF-nin işi ilə yaxından tanış olduqdan sonra onun institusional fəaliyyətinin təkmilləşdirilməsi, texniki imkanlarının daha da genişləndirilməsi sahəsində müəyyən istiqamətlərdə məsləhətlər verib və bəzi layihələrin reallaşdırılmasında ARDNF-yə yardımçı olub.
Texniki yardım Fondun valyuta vəsaitlərinin yerləşdirilməsi işinin təkmilləşdirilməsinə, bununla bağlı müvafİq risklərin qiymətləndirilməsinə, xarici menecerlərin seçilməsi meyarlarının müəyyən edilməsinə və onların iş göstəricilərinin monitorinqi və dəyərləndirilməsinə, aktivlərin qeydiyyatı və uçotu üzrə ixtisaslaşdırılmış proqram təminatının alınması üçün tələblərin müəyyənləşdirilməsinə yönəlib. Texniki yardım həm də Fondun struktur bölmələri arasında beynəlxalq standartlara uyğun vəzifə bölgüsünə və qarşılıqlı hesabata dair təkliflərin təqdim edilməsi, habelə Fondun əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması istiqamətlərini əhatə edəcək.
Neft Fonduna kastodial xidmətlərin göstərilməsi üçün maliyyə təşkilatlarının cəlb edilməsi üçün tender keçirilib və ABŞ-ın The Bank of New York bankı tenderin qalibi elan edilib. Layihə çərçivəsində ARDNF-in aktivlərinin qeydiyyatı və uçotu üzrə ixtisaslaşdırılmış proqram təminatının alınması sahəsində məsləhətlər alınıb və təkliflər paketi hazırlanıb. ARDNF-in aktivlərinin qeydiyyatı və uçotu üzrə, portfellə əlaqəli müəyyən analizlərin aparılmasını, risklərin qiymətləndirilməsini həyata keçirməyə imkan verən ixtisaslaşdırılmış proqram təminatının alınması ilə bağlı işə başlanılıb.
Güman edirəm ki, biz layihənin ikinci hissəsinin həyata keçirilməsinə 2007-ci ilin əvvəllində başlayacağıq.
Sualın ikinci hissəsinə gəldikdə isə, qeyd etmək istərdim ki, 2007-ci ildə ARDNF-nin vəsaitlərinin idarə olunması üzrə xarici menecerlərin siyahısının genişləndirilməsi nəzərdə tutulur və bu sahədə müvafiq işlər aparılır. Xarici menecerlərin işi üzrə monitorinq hər ay Fond tərəfindən həyata keçirilir və onların işinə dair hesabat mütəmadi olaraq ARDNF-nin maliyyə fəaliyyətinə dair hesabatlarında öz əksini tapır.

- Siz həm də Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə Komissiyanın (EİTİ) rəhbərisiniz. Lütfən, EİTİ-nİn Oslodakı son konfransının yekunları barədə bizə məlumat verin. Azərbaycan təcrübəsi müsbət nəticə kimi nəzərdən keçirilirmi?

- Bildiyiniz kimi, Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsü (EİTİ) üzrə 3-cü beynəlxalq konfrans oktyabr ayında Oslo şəhərində keçirildi. Konfransda 50-yə yaxın ölkənin rəsmi şəxsləri, beynəlxalq nüfuzlu QHT-lərin, dünyanın nəhəng hasilat sənayesi şirkətlərinin, beynəlxaq təşkilatların nümayəndələri iştirak edib. Konfransda çıxış edən şəxslər Azərbaycanın Şəffaflıq Təşəbbüsünün tətbiqində əldə etdiyi uğurları yüksək qiymətləndirib və digər ölkələri də Azərbaycanın bu sahədəki təcrübəsindən yararlanmağa çağırıblar.
Konfransda Şəffaflıq Təşəbbüsünə beynəlxalq dəstəyin təmin olunması və Təşəbbüsün fəaliyyətinin koordinasiya edilməsi məqsədilə İdarə Heyətinin yaradılması qərara alınıb. Konfrans iştirakçıları bildiriblər ki, Azərbaycan Şəffaflıq Təşəbbüsünün tətbiqində dünya ölkələri arasında lider mövqe tutur və Azərbaycan hökumətinin artıq 8 ölkənin iştirak etdiyi EİTİ İdarə heyətinə üzvlüyünü təsdiq ediblər. Onlardan 5-i Şəffaflıq Təşəbbüsünü tətbiq edən ölkələr - Azərbaycan, Qvineya, Qabon, Qırğızıstan Respublikası və Nigeriya, 3-ü isə Təşəbbüsü dəstəkləyən ölkələr- ABŞ, Böyük Britaniya və Almaniyadır. Bundan başqa, İdarə Heyətində beynəlxalq qeyri-hökumət təşkilatlarının, hasilat sənayesi şirkətlərinin və investisiya şirkətinin nümayəndələri də təmsİl olunacaqlar.
Demək olar ki, konfransda çıxış edənlərin hamısı Azərbaycanın Təşəbbüsü uğurla tətbiq etməsini vurğulayıb, bəzi ölkələr EİTİ-yə qoşulduqlarını bəyan edib və Azərbaycanın təcrübəsindən istifadə etmək niyyətində olduqlarını bildiriblər.
Dekabr ayının 6-7-də İdarə Heyətinin ilk toplantısı keçiriləcək. Azərbaycanın nümayəndə heyətinin toplantıda iştirakı nəzərdə tutulur.

-Antiinflyasiya tədbirlərinin yerinə yetirilməsi çərçivəsində Neft Fondu nə kimi rol oynaya bilər?

- Neft Fondunda peşəkar iqtisadçı və maliyyəçilərin çalışdığını nəzərə alaraq, bu potensialdan geniş istifadə etmək məqsədilə Fond, Böyük Britaniyanın Oxford Economics institutu ilə birgə Azərbaycanın uzunmüddətli makroiqtisadi modelinin yaradılması üçün işlər aparıb, model üzrə müxtəlif ssenarilər işlənərək hazırlanıb və adiyyatı iqtisadi idarəetmə qurumları üçün nəticələr barədə təqdimat keçirilib.
Modelin nəticələri göstərir ki, Azərbaycanda yaxın gələcəkdə yüksək iqtisadi inkişaf templəri müşahidə olunacaq. Bu inkişafın təmin olunmasının əsas şərti isə məhz inflyasiyanın birrəqəmli məcrada saxlanması olacqdır.
Bu gün ölkəyə xarici valyuta axınlarının təsirinin artması şəraitində valyuta kütləsinin sterilizasiyası ilə bağlı Fondun rolu aydın şəkildə hiss olunur. Əgər neft ehtiyatlarının istismarından əldə edilən valyuta kütləsi Fonda deyil, tam şəkildə və sərbəst olaraq dövriyyəyə daxil olsaydı, onda xarici valyutanın mənfi təsiri də böyük olardı. Bu isə inflyasiyanın artmasına, manatın yüksək templərlə möhkəmlənməsinə, ixrac yönümlü iqtisadiyyatın tənəzzülünə şərait yaradardı.
Neft Fondundakı vəsaitlərdən mühüm sosial və infrastruktur yönümlü layihələr üçün istifadə olunarkən, makroiqtisadi tarazlığın qorunması və qeyri-neft sektorunun inkişaf tendensiyaları kimi məsələlər nəzərə alınır.

Xəbər lenti

Xəbər lenti