...

Prezident İlham Əliyev Xaçmaz modul elektrik stansiyasının açılışında iştirak edib

Siyasət Materials 7 Dekabr 2006 13:12 (UTC +04:00)
Prezident İlham Əliyev Xaçmaz modul elektrik stansiyasının açılışında iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev ölkə bölgələrinin inkişafının dövlət proqramı ilə tanışlıq çərçivəsində 90 MVt gücə malik Xaçmaz modul elektrik stansiyasının açılışında iştirak edib. Bu barədə Trend İctimai televiziyaya istinadən xəbər verir.

Qeyd olunub ki, bu, son il ərzində Azərbaycanda istismara verilmiş üçüncü modul stansiyasıdır (bundan əvvəl Astara və Şəkidə də belə stansiyalar açılıb). Hazırda Bakıda da yeni tipli modul elektrik stansiyaları inşa edilir. Ümumilikdə bu stansiyaların gücü 450 MVt təşkil edəcək.

Xaçmaz stansiyası həmçinin Quba, Dəvəçi və Qusar rayonlarının elektrik enerjisinə olan tələbatını ödəyəcək.

Dövlətin başlıca məqsədlərindən biri sənaye potensialının gücləndirilməsidir. Bunun üçün enerji istehal etmək lazımdır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Xaçmaz ictimaiyyəti ilə görüşdə bildirib və vurğulayıb ki, ölkədə böyük neft-qaz layihələri həyata keçirilir. O bildirib ki, bu layihələr Azərbaycanın uzunmüddətli inkişaf strategiyasını müəyyən edir. Lakin dövlət başçısı qeyd edib ki, paralel olaraq qeyri-neft sektoru da inkişaf edir. Misal olaraq o, kənd təsərrüfatı sektorunun inkişafını göstərib.

Prezident qeyd edib ki, əsas problemlər Azərbaycan bölgələrindədir və bölgələrin inkişafı - ümumilikdə Azərbaycanın inkişafıdır. Dövlət başçısı həmçinin vurğulayıb ki, gələn ildən minimal əmək haqqı artırılacaq və yaxın gələcəkdə yoxsulluq tamamilə aradan qalxacaq.

İlham Əliyev bildirib ki, Azərbaycan beynəlxalq səviyyədə də öz mövqelərini möhkəmləndirir. "Əgər əvvəl hansısa layihələrin reallaşdırılması üçün biz beynəlxalq təşkilatlara müraciət edirdiksə və bunun üçün müəyyən vaxt və şərait lazım idisə, indi ölkə öz daxili potensialı hesabına yeni layihələri həyata keçirir", - deyə prezident qeyd edib.

Prezident həmçinin Xaçmazda diyarşünaslıq, xalça və şəxsiyyətlər muzeylərində, mədəniyyət və istirahət parkında olub. Dövlət başçısı həmçinin "Yeni Azərbaycan" partiyasının Xaçmaz nümayəndəliyinin yeni inzibati binası ilə tanış olub.

Xəbər lenti

Xəbər lenti