...

Azərbaycanın Gürcüstandakı səfiri ölkədəki azərbaycanlıların yığcam yaşadıqları yerlərdə olub

Siyasət Materials 7 Dekabr 2006 18:27 (UTC +04:00)

Dekabrın 7-də Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev Gürcüstanın Marneuli rayonunda - ölkədəki azərbaycanlıların yığcam şəkildə yaşadıqları yerlərdə olub. Bu barədə Trend ə səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elxan Poluxov məlumat verib.

Səfər zamanı diplomat Marneuli şəhərində Nəriman Nərimanov adına Mədəniyyət evində olub, N.Nərimanovun heykəlinin vəziyyəti ilə, eləcə də Azərbaycan tərəfinin Olimpiya kompleksini tikəcəyi yerlə tanış olub.

Sonra yerli özünüidarə orqanlarının və rayonun İcra hakimiyyətinin yeni başçıları Ayvaz İsmayılov və Zaza Dekanoidze ilə görüşüb. Görüşdə Azərbaycan səfirinə şəhərin və Marneuli rayonunun yaşayış məntəqələrinin yenidən qurulması üzrə planlar, eləcə də 2007-ci il üzrə rayonun inkişaf perspektivləri haqqında məlumat verilib. Qeyd olunub ki, rayonun 2007-ci il üçün büdcəsi 6,5 milyon lari (3,5 milyon ABŞ dollarından çox) təşkil edəcək, bu isə cari ildəkindən çoxdur və bu məbləğin yarısı əhalinin sosial ehtiyaclarının ödənilməsinə sərf olunacaq.

Sonra N.Əliyev Marneuli şəhərində fəaliyyət göstərən "Azərbaycan mədəniyyət mərkəzi"ndə olub. Orada rayonun azərbaycanlı ziyalılarının nümayəndələri ilə görüşüb. Görüşdə həmyerlilər səfirə öz problemlərini və arzularını bildiriblər. Bu cür səfərlərin tez-tez keçirilməsi barədə razılıq əldə olunub və Azərbaycan səfirliyinin Marneuli rayonu sakinləri ilə daha sıx və səmərəli əməkdaşlığı üçün yollar müəyyənləşdirilib.

Xəbər lenti

Xəbər lenti