...

"Azadlıq" blokunun həmsədri Ə.Əliyev: "Cəmiyyəti müxalifətin aldadıcı birliyinə inandırmaq çox ziyanlıdır"

Siyasət Materials 11 Dekabr 2006 17:15 (UTC +04:00)

"Müxalifətin aldadıcı birliyinə cəmiyyəti inandırmaq çox ziyanlıdır. Təcrübə göstərib ki, hadisələrə fərqli baxışlarla yanaşanda müxalifətin bir arada olması heç bir nəticə verməyib". Bu fikirləri Trend ə müxalifəti təmsil edən "Azadlıq" siyasi blokunun həmtəsisçisi, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib.

O qeyd edib ki, bütün müxalifət partiyalarının birləşərək yaratdığı mətbuatın, söz azadlığının müdafiəsi üzrə Koordinasiya Şurası öz fəaliyyət istiqamətlərini dəyişməməlidir. Əli Əliyefin fikrincə, müxalifətin vahid siyasi birliyinin yaradılması üçün mövqelər üst-üstə düşməlidir: "Kim hansı formada istəyirsə birlik, qurum yarada bilər. Ancaq "Azadlıq" bloku hesab edir ki, siyasi yönümlü məsələlər çoxcəhətli olduğundan bütün müxalifət qüvvələrinin bir arada, birlik halında olması mümkün deyil. Məsələn, son məsləhətləşmələrdə aydın oldu ki, "Azadlıq" bloku ilə digər qüvvələrin parlamentin fəaliyyətinə münasibətləri başqa-başqadır. Müxlifət partiyalarının mövqelərində, mübarizə üsullarında fərqliliklər var. Ona görə cəmiyyəti müxalifətin yalançı birliyinə kökləmək, insanların təsəvvüründə birlik təəssüratı yaradıb sonradan heç bir nəticə əldə etməmək düzgün deyil"-deyə Əli Əliyev vurğulayıb.

Qeyd edək ki, "Azadlıq" blokunda 4 müxalifət partiyası- Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal, Vətəndaş və İnkişaf (VİP), Azərbaycan Demokrat (ADP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti