...

Bir neçə rayonda kənd adları dəyişdirilib

Siyasət Materials 11 Dekabr 2006 18:46 (UTC +04:00)

Dekabrın 11-də parlamentdə Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimiya komissiyasının iclası keçirilib.

Komissiyada "Azərbaycan Respublikasının Ağsu və Şəmkir rayonları üzrə - yeni qeydə alınması nəzərdə tutulan bəzi yaşayış məntəqələrinə adların verilməsi, Bərdə rayonu üzrə bəzi kənd adlarının dəqiqləşdirilməsi və Yevlax rayonu üzrə bəzi kənd adlarının dəyişdirilməsi ilə bağlı göstərilən rayonların icra hakimiyyəti başçılarının vəsatətlərinə baxılması haqqında" məsələ məzakirə olunub.

Komissiyanın sədri, akademik Budaq Budaqov bildirdi ki, bu məsələlərlə bağlı onlara yerli icra hakimiyyətləri və bələdiyyə rəhbərlərindən coxsaylı təkliflər daxil olur.

Komissiyada təmsil olunan alimlər Ağsu rayonunda mövcud olan yeni yaşayış məntəqələrinin Bənəcik və Qaraqaşlı adlandırılmasına, Bərdə rayonunun Hacıalılı kəndinin Hacallı, Qarahacı kəndinin Qarahacı, Xanagahlı kəndinin Xanagalı, Nəzirli kəndinin Nazırlı, Zümürxaç kəndinin Zümürxan kimi dəqiqləşdirilməsinə razılıq verilib. Həmçinin rayonun Mirzəcəfərli kənd ərazisində yerlərin yeni yaşayış məntəqəsinin Qarasaqqal adlandırılması da heç bir etiraz doğurmayıb.

1975-ci ildə Şəmkir rayonu ərazisində yeni su anbarının qurulması ilə əlaqədar Keçili kəndinin şimalına yerləşdirilmiş Xuluf kəndinin sakinlərinin arzusu ilə yaşayış massivinin yenidən Xuluflu adlandırılması məqsədəuyğun hesab edilib.

Yevlax rayonunun Havarlı kəndinin ərazisindəki Marzılı kəndinin sakinləri ümumi yığıncaq keçirərək, ata-babalarınan Qaraqoyunlu tayfasandan olduğunu əsas gətirərək kəndin Qaraqoyunlu adlandırılması təklifi ilə komissiyaya müraciət ediblər. Təklif qəbul olunub. Rayonun Dəlləklər kəndinin sakinləri də bu adın onlarla heç bir ilgisi olmadığına, kənd sakinlərinin Vəlibəyli tayfasından olduğuna görə kəndin Iəlibəyli adlandırılması arzusundadırlar. Komissiya təkilfə yenidən baxıb. Sakinlər faktı ciddi əsaslandırdıqlarına, müvafiq icra hakimiyyətinin və bələdiyyə orqanlarının da bu məsələyə heç bir etirazı olmadığına görə komissiya üzvləri yeni adı müsbət qarşılayıblar.

Xəbər lenti

Xəbər lenti