Dekabrın 12-də "Azadlıq" bloku Sədrlər Şurasının toplantısı keçirilib. Bu barədə Trend ə blokun həmsədri, Vətəndaş və İnkişaf Partiyasının rəhbəri Əli Əliyev məlumat verib.
Toplantıda media azadlığının azadlığının durumu, ADP-nin təşəbbüsü ilə keçiriləcək Milli Foruma hazırlıq, iqtidar-müxalifət dialoqu ilə bağlı təkliflər, Avropa Şurasının Siyasi Komitəsinin dekabrın 11-12-də Bakıda keçirilmiş toplantısı və digər məsələlər barədə müzakirələr aparılıb. İclasda AXCP sədri Əli Kərimli partiyanın əmlakının qeyri-qanuni şəkildə həbs qoyulduğunu, Xaqani 33 ünvanındakı binadan çıxarıldıqdan sonra Keşlə qəsəbəsində onlar üçün ayrılmış yerdə saxlanılan əşyalarının nəzarət altında olduğunu deyib.
Blokun Sədrlər Şurası Avropa Şurası Siyasi Komitəsinin Bakıda keçirilən toplantısında Azərbaycanda söz və mətbuat azadlığının durumuna dair müzakirələr aparılmamasını narazılıqla qarşılayıb. Əli Əliyev qeyd edib ki, AŞ-nin Azərbaycan üzrə həmməruzəçilərinin mətbuatın problemlərinin müzakirəyə çıxarılması barədə tövsiyələri nəzərə alınmayıb. "Azadlıq" bloku həmçinin parlamentdə 18 oktyabr Müstəqillik və 17 noyabr Milli Dirçəliş bayramlarının iş günü elan edilməsi ilə əlaqədar ictimai müzakirələr təşkil etmək qərarına gəlib. Bu məqsədlə blok dekabrın 19-da dəyirmi masa keçirəcək.
Qeyd edək ki, "Azadlıq" blokunda 4 müxalifət partiyası- Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal, Vətəndaş və İnkişaf (VİP), Azərbaycan Demokrat (ADP) partiyaları təmsil olunur.