...

AMİP nümayəndəsi İsveçdə keçirilən seminarda Qarabağın işğalı barədə məruzə edib

Siyasət Materials 14 Dekabr 2006 15:27 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) gənclər təşkilatı üzvlərindən ibarət nümayəndə heyəti İsveçdə keçirilən üçgünük beynəlxalq konfransda iştirak edib. Bu barədə Trend ə AMİP Gənclər Təşkalatının sədr müavini Bəkir Nərimanoğlu məlumat verib.

Qeyd edək ki, AMİP-in də təmsil olunduğu Beynəlxalq Demokratk İttifaqının (BDİ) üzvü - İsveçin hakim Moderat Partiyasının nəzdində fəaliyyət göstərən "Şarl Harmonson Fondu"nun təşkilatçılığı ilə İsveçin Mişku adasında dekabrın 9-dan 11-dək üçgünük seminar keçirilib. Seminarda keçmiş sovet ölkələrindən Azərbaycan, Rusiya, Belarus, həmçinin İçveçdən olan gənclər iştirak ediblər. Azərbaycanı toplantıda AMİP-in 4 nəfər gənc fəal üzvü təmsil edib.

Seminarın məqsədi azad cəmiyyətin prinsipləri mövzusunda müzakirələr apamaq idi. İştirakçılar təmsil etdikləri ölkələrin ictimai, siyasi vəziyyəti barədə danışıblar. Bəkir Nərimanoğlu öz məruzəsində Azərbaycanın ən böyük problemi olan torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsi barədə məlumat verib. Onun sözlərinə görə, avropalı gənclər demək olar ki, Dağlıq Qarabağ münaqişəsi barədə xəbərsizdirlər: "Biz onlara Qarabağla bağlı lazımi məlumatları çatdırdıq, torpaqlarımızın işğal edilməsi, bunun ağır nəticələri haqda danışdıq. Həmçinin toplantı iştirakçıları arasında bukletlər, yazılı materiallar payladıq. Torpaqlarımızın Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilməsi faktlarını xəritə ilə də göstərib izah etdik. Seminarın gedişində Qarabağ problemi ilə bağlı toplantı iştirakçılarının suallarını cavablandırdıq"-deyə AMİP fəalı bildirib.

Gənc AMİP-çilər seminardan sonra İsveçdə yaşayan Azərbaycan diasporunun nümayəndələri, həmçinin Demokratik Dünya Azərbaycanlıları Konqresinin vitse-prezidenti Teymur Eminbəyli ilə də görüş keçiriblər.

Qeyd edək ki, AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Xəbər lenti

Xəbər lenti