...

Bakıda Azərbaycan Milli Məclisi və Rusiya Federasiya Şurasının ikitərəfli parlamentlərarası komissiyasının 6-ci iclası keçirilib

Siyasət Materials 18 Dekabr 2006 12:20 (UTC +04:00)

Dekabrın 18-də Bakıda Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiya Şurasının ikitərəfli parlamentlərarası komissiyasının 6-ci iclası keçirilib.

İclasda Rusiya tərəfini Federasiya Şurası sədrinin müavini, parlamentlərarası komissiyanın həmsədri Svetlana Orlovanın rəhbərlik etdiyi 16 nəfərdən ibarət nümayəndə heyəti təmsil edir.

Azərbaycan nümayəndə heyətinə isə Milli Məclis sədrinin müavini, komissiyanın həmsədri Valeh Ələsgərov rəhbərlik edir.

İclas iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək eks-prezident Heydər Əliyevin məzarını ziyarət edib, onun məzarı üstünə gül dəstələri qoyublar.

Daha sonra Şəhidlər Xiyabanına gələn iclas iştirakçıları şəhidlərin qəbrini ziyarət edib, əbədi məşəl kompleksinin qarşısına əklil qoyublar.

Sonra Milli Məclisdə komissiyanın iclası başlayıb.

Komissiyanın Azərbaycan tərəfdən həmsədri, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirib ki, iki ölkə arasında parlamentlərarası əlaqələr inkişaf edir. Onun sözlərinə görə, Azərbaycan Rusiya ilə əsasən iqtisadi və nəqliyyat sahəsində əməkdaşlıq edir. "Hazırda Azərbaycanda Rusiyaya məxsus 1000-ə yaxın müəssisə fəaliyyət göstərir. Onların 17-i birgə müəssmsədir."

V.Ələsgərov qeyd edib ki, iki ölkə arasında ticarət dövrüyyəsi ildən-ilə artır.

"Bu ilin avqust ayına olan məlumata görə, Azərbaycanla Rusiya arasında ticarət dövrüyyəsi 900 milyon dollara çatıb. Azərbaycan iki ölkə arasında ticarət dövrüyyəsinin artırılmasında maraqlıdır."

O qeyd edib ki, Azərbaycan və Rusiya sərhədlərinin delimitasiyası (quru sərhədlər) başa çatmaq üzrədir.

Komissiyanın rusiyalı həmsədri Svetlana Orlova isə qeyd edib ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin iki ölkə arasında ticarət dövrüyyəsinin 2 milyard dollara çatdırılması haqqında tapşırıq verib. "Biz bu istiqamətdə iş aparırıq. Ona görə də Azərbaycanla ticarət əlaqələrini genişləndirmək istəyirik."

Svetlana Orlova vurğulayıb ki, iki ölkənin sərhədlərini delimitasiyasının 90 faizi başa çatıb. "Bu il Azərbaycanda Rusiya ili keçirilib və prezident Vladimir Putin Bakıya səfər edib. Rusiya Azərbaycanla açıq dialoqa hazırdır" - deyə komissiyanın həmsədri bildirib.

Onun sözlərinə görə Rusiyanın müxtəlif şəhərlərində dörd azad ticarət zonasının yaradalması nəzərdə tutulub ki, bu da Azərbaycanla ticarət əlaqələrinin genişləndirilməsinə imkan verəcək.

Daha sonra iclas qapalı şəraitdə- jurnalistlərin iştirakı olmadan davam etdirilib.

Xəbər lenti

Xəbər lenti