...

Cənubi Qafqaz Parlament Təşəbbüsünün sədrliyi Azərbaycana keçib

Siyasət Materials 18 Dekabr 2006 19:08 (UTC +04:00)

Üç gündür Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində LİNKS təşkilatı çərçivəsində Cənubi Qafqaz Parlament Təşəbbüsünün 6-cı plenar iclası keçirilir.

Tədbirdə Azərbaycanı millət vəkili Siyavuş Novruzovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinə deputatlar Mirkazım Kazımov, Ərəstun Cavadov, Elton Məmmədov, Rafael Cəbrayılov, İlham Məmmədov, Eyvaz Qurbanov və Fuad Muradov təmsil edirlər.

Nümayəndə heyətinin üzvü, millət vəkili Fuad Muradov eksklüziv olaraq Trend ə bildirib ki, Cənubi Qafqaz Parlament Təşəbbüsünün 6-cı plenar iclasında Avropa Birliyinin "Yeni qonşuluq" siyasətinə aid bir sıra məsələlər müzakirə olunub, Cənubi Qafqazda nəqliyyat, bank və ekologiya sahələrindəki vəziyyət və bu sahələrdə əməkdaşlığın mümkünlüyü barədə ekspertlərin birgə hazırladıqları məruzələr dinlənilib.

"İclasa Cənubi Qafqazın hər bir ölkəsindən 10-a yaxın millət vəkili qatılıb. İclasda nəqliyyat, bank və ətraf mühüt sahəsində bölgədə olan problemlərin, etnik münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin hökumətlərə təsiri məsələsi müzakirə olundu. Bununla bağlı Azərbaycan, Gürcüstan və Ermənistanın sənədləri qəbul olundu."

Azərbaycan nümayəndə heyətinin üzvləri iclasda çıxış edərək bildiriblər ki, Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal edib və Dağlıq Qarabağda mövcud olan nəzarətsiz ərazilərdən çirkli pulların yuyulması üçün istifadə olunur. "Biz bildirdik ki, bunun qarşısını almaq üçün tədbirlər görülsün. Çünkü Azərbaycan həmin ərazilərə nəzarət etmir." deyə F.Muradov bildirib.

İclasda nəqliyat məsələsi də geniş müzakirə olunub. Azərbaycanı təmsil edən deputatlar qeyd ediblər ki, nəqliyat daşımaları sahəsində ölkəmiz bölgənin lider dövlətinə çevrilib. "Biz bildirdik ki, Dağlıq Qarabağ münaqişəsi daha çox Ermənistana mənfi təsir göstərib. Çünkü bu ölkə bütün regonal layihələrdən kənarda qalıb."

Azərbaycan təmsil edən deputatlar iclasın gedişində Cənubi Qafqaz Parlament Təşəbbüsünün sədrliyini təhvil alıblar. 2007-ci ilin yanvar-iyun aylarında Cənubi Qafqaz Parlament Təşəbbüsünə Azərbaycan rəhbərlik edəcək.

Fuad Muradov qeyd edib ki, iclasa dekabrın 19-da yekun vurulacaq və qətnamə qəbul olunacaq.

Onun sözlərinə görə, növbəti iclasın harada və nə vaxt keçiriləcəyi dekabrın 19-da keçirilən iclasda məlum olacaq.

Xəbər lenti

Xəbər lenti