...

Deputat Rafael Hüseynov AŞ Komitəsinin iclasında ermənilərin azərbaycanlı əsirlərə qarşı cinayətkar hərəkətlərindən danışıb

Siyasət Materials 18 Dekabr 2006 19:38 (UTC +04:00)

Bu gün - dekabrın 18-də Parisdə Avropa Şurası Parlament Assambleyasının hüquqi işlər və İnsan Haqları Komitəsinin növbəti toplantantısı olub. Bu barədə Trend ə hazırda parisdə olan Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Rafael Hüseynov məlumat verib.

O bildirib ki, iclasda Avropada demokratiya və insan hüquqlarının vəziyyəti, ABŞ və beynəlxalq qanunlar, insan haqları və terrorizm problemi və digər mövzularda məruzələr dinlənilib. Birinci mövzu Monakodan olan depatat Jan Şarl Darbettonun hazırladığı "Uşaqlara qarşı zorakılıq, istismar və haqarət halları ilə mübarizədə hüquqi və digər vasitələrin tətbiqi" adlanırdı. Rafael Hüseynov bu məruzə ətrafındakı müzakirələrdə iştirak edərkən bildirib ki, uşaqlara qarşı zorakılıq, uşaq ticarəti, onların əməyinin istismar edilməsi Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətinin bir hissəsidir: "Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində bir neçə min azərbaycanlı əsir, girova çevrilib. Hələ də 3 minə yaxın azərbaycanlı erməni əsirliyində qalmaqdadır. Dağlıq Qarabağda xüsusi həbsxanalar var ki, əsir və girovlar orada saxlanılır, içərilərində qadınlar, gənclər, uşaqlar çoxluq təşkil edir. Onların üzərində aparılan tibbi müayinələrdən məlum olub ki, bəzilərinin daxili orqanları çıxarılıb. Ermənilərin gizli klinikalarında amputasiya otaqlarında əsirlikdə olan azərbaycanlı uşaqların, gənclərin bədən üzvləri çıxarılır, dünyanın qara bazarlarında transplant kimi satışa çıxarılır. Hətta bu əməliyyatları aparan bəzi cərrahların da adları məlumdur"-deyən R.Hüseynov toplantıda bu faktların məruzəyə daxil edilməsi məsələsini qaldırıb.

Avropa Şurası Baş katibin müavini Mod de Bukikkio məxsusi olaraq bu məruzə üçün toplantıya qatılmışdı. O da bildirib ki, R.Hüseynovun göstərdiyi faktlar Avropa Şurasının hazırladığı insan orqanlarının ticarəti ilə bağlı digər sənədlərdə də yer alacaq. R.Hüseynov söylədiyi faktlarla bağlı fotolar, tibbi ekspertizanın rəyi, şahid ifadələri və digər materialları yanvar sessiyasında məruzəçilərə təqdim edəcəyini bildirib. J.Ş.Darbettonun məruzəsinin qətnamə hissəsinə insanın ayrı-ayrı orqanlarının satışının yolverilməzliyinə dair maddə daxil edilib.

Xəbər lenti

Xəbər lenti