...

"Azadlıq" blokunun 2006-ci ilin yekunlarına dair hesabatı və 2007-ci il üçün fəaliyyət proqramı hazırlanacaq

Siyasət Materials 19 Dekabr 2006 16:36 (UTC +04:00)

Bu gün - dekabrın 19-da "Azadlıq" siyasi partiyalar blokunun Sədrlər Şurasının növbəti toplantısı keçirilib. Bu barədə Trend ə blokun üzvü Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev məlumat verib.

O bildirib ki, toplantıda Milli Məclisdə müzakirəyə çıxarılmış "Hərbi qanunvericiliyə əlavə və dəyişikliklər edilməsi haqda layihə", Əmək Məcəlləsinə edilmiş dəyişikliklər, MSK-ya yeni üzvlərin təsdiqlənməsi məsələləri, həmçinin Rusiyada yaşayan azərbaycanlıların miqrasiya problemləri ətrafında müzakirələr aparılıb. Blokun həmsədrləri hərbi xidmətlə bağlı imtiyazların ləğv olunmasını, həmçinin Rusiyada qeyri-leqal yaşayanların deportasiya edilməsindən narahatlıqlarını bildiriblər. Milli Məclisdə Əmək Məcəlləsinə dəyişiklik edilərək bir neçə rəsmi bayramın ləğvini isə "Azadlıq" bloku etirazla qarşılayıb və bununla əlaqədar blokun təşkilatçılığı ilə dekabrın 22-də geniş konfrans keçiriləcək.

İclsda həmçinin "Azadlıq" blokunun fəaliyyəti ilə bağlı 2006-ci ilin yekunlarına dair hesabat və 2007-ci il üçün fəaliyyət proqramının hazırlanması qərara alınıb. Sədrlər Şurasının növbəti toplantısında "Azadlıq" blokunun gələn ilə dair fəaliyyət proqramı müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, "Azadlıq" blokunda 4 müxalifət partiyası- Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal, Vətəndaş və İnkişaf (VİP), Azərbaycan Demokrat (ADP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti