...

Gürcüstanlı deputat K.Muradxanov: " Sabah Türkiyənin Gürcüstanı qazla təmin etməsi ilə bağlı hökumətlərarası saziş bağlanacaq"

Siyasət Materials 20 Dekabr 2006 18:00 (UTC +04:00)

Sabah - dekabrın 21-də Gürcüstanla Türkiyə arasında təbii qaz alınmasına dair saziş bağlanacaq. Bu barədə Trend ə hazırda Türkiyədə rəsmi səfərdə olan Gürcüstan parlamentinin deputatı Kamal Muradxanov məlumat verib.

Qeyd eək ki, Gürcüstan prezidenti Mixail Saakaşvilinin rəhbərliyi ilə geniş tərkibli nümayəndə heyəti Türkiyədə rəsmi səfərdədir. Gürcüstan nümayəndə heyətinin tərkibində azərbaycanlı deputat Kamal Muradxanov da var. Onun bildirdiyinə görə,
bu gün - dekabrın 20-də Türkiyənin paytaxtı Ankarada Gürcüstan səfirliyinin binasının açılışı olub. Açılış mərasimində Gürcüstan prezidenti Mixail Saakaşvili, Türkiyənin meşə naziri, xarici işlər nazirliyinin rəsmiləri, müxtəlif ölkələrin səfirlər, diplomatlar iştirak ediblər.

Dünən isə Gürcüstan və Türkiyə prezidentlərinin görüşü olub. Kamal Muradxanov bildirib ki, Gürcüstanın rəsmi nümayəndə heyəti sabah İstanbulda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüş keçirəcək. Bu görüşdə də əsas müzakirə mövzusu Türkiyənin Gürcüstanı qazla təmin etməsi məsələsi olacaq: "Gürcüstan enerji təhlükəsizliyi ilə bağlı Azərbaycan və Türkiyə ilə danışıqlar aparır. Türkiyə öz kvotasından Gürcüstana müəyyən mirdar təbii qaz verəcək. Məlum olduğu kimi, Rusiyadan alınan qaz bu ayın sonu bitir. Gələn il üçün artıq Rusiya ilə müqavilə bağlanmayacaq. Çünki Rusiya qazın hər kubmetrinə 230 dollar qiymət qoyub. Gürcüstan öz enerji təhlükəsizliyi və təkcə Rusiyadan asılı olmaması üçün yeni yollar axtarır. Baş nazir R.T.Ərdoğanla sabah keçiriləcək görüşdə Gürcüstan və Türkiyə hökumətləri arasında razılaşma əldə olunacaq. İlkin razılaşma ilə bağlı danışıqlar bundan əvvəl Tbilisidə baş tutmuşdu. Lakin sabahkı görüşdə bu məsələyə artıq nöqtə qoyulacaq"-deyə gürcüstanlı deputat qeyd edib.

K.Mudarxanovun sözlərinə görə, ölkələr arasında bağlanacaq saziş daimi xarakter daşıyacaq. Yəni, Gürcüstanın Rusiya ilə bağladığı müqavilə kimi müvəqqəti olmayacaq.

K.Muradxanov həmçinin dünən Gürcüstanla Türkiyə arasında sərbəst ticarətə dair müqavilə imzalandığını deyib.

Xəbər lenti

Xəbər lenti